Günay Nəzərova 29 noyabr 1993-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
2015-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini “Fizika müəllimliyi” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsilini də fərqlənmə diplomu ilə başa vurub.
2017-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək 52 bal toplayıb və Bakı şəhəri 4 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
2022-ci ildə direktorların işə qəbulu müsabiqəsində iştirak edərək uğur qazanıb. 2023-cü ildən Bakı şəhəri Qamət Abbasov adına 284 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirir.
2018–2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında pedaqoq kimi çalışıb.
Həmin illərdə Bakı Slavyan Universitetinin 5804.01 – Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə doktorantura pilləsində təhsil alıb. “Müasir təhsil paradiqmaları və onların elmi-pedaqoji istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edib.
“Pedaqoji sinergetikanın nəzəri əsasları” adlı monoqrafiyanın, həmçinin 30-dan çox elmi məqalə və tezisin (Türkiyə, Ukrayna, İsveç) müəllifidir. Respublika və beynəlxalq konfransların fəal iştirakçısıdır.
2020-ci ildə AHİK-in keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin respublika üzrə qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021 və 2022-ci illərdə keçirdiyi “Yaradıcı müəllim”, eləcə də ARTİ-nin “Səriştəli metodist” müsabiqələrinin qaliblərindəndir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi “Məktəb liderliyi proqramı”nın birinci çağırış məzunudur. Eyni zamanda Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi müxtəlif layihə və təlimlərin fəal iştirakçısıdır.