Nigar İbrahimova 2007-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişdir. O, 2003-cü ildə universitetə 420 balla qəbul olunmuş, 2007-ci ildə məzun olaraq əmək fəaliyyətinə başlamışdır. Hazırda 287 saylı "Zəkalar" Liseyində ingilis dili müəllimi kimi çalışır.
Pedaqoji fəaliyyətə başladığı dövrdə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahan sistemi mövcud olmasa da, sonradan Diaqnostik Qiymətləndirmə imtahanında 60 mümkün baldan 50 bal toplamışdır.
Nigar İbrahimova məktəbdənkənar müəllim təşkilatlarının üzvüdür, mütəmadi olaraq müəllimlərlə görüşlərdə iştirak edir, təhsil sahəsində aktual problemlərin müzakirəsinə töhfə verir.
2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Xətai rayon məktəbliləri ilə Gəncə bölgəsinə səfərdə iştirak etmiş, şagirdlərin dünyagörüşünün formalaşmasında fəal rol oynamışdır.
O, bir çox yerli və beynəlxalq seminar və təlimlərin iştirakçısıdır. 2018-ci ildə British Council tərəfindən təşkil olunan seçim proqramı çərçivəsində respublika üzrə seçilən 30 müəllimdən biri olaraq Birləşmiş Krallığın Şotlandiya bölgəsində yerləşən Edinburq Kollecində təlim keçmək hüququ qazanmışdır.
British Council və ABŞ Səfirliyi ilə sıx əməkdaşlıq edir, bu qurumların təşkil etdiyi təlim, tədris proqramları və konfranslarda iştirak edir.
Bununla yanaşı, Mərkəzi İngiltərədə yerləşən qurum tərəfindən təşkil olunan 120 saatlıq onlayn TEFL kursunu yüksək nəticə ilə başa vurmuşdur. Cambridge TKT (Teaching Knowledge Test) modul 1, 2 və 3 imtahanlarını uğurla verərək beynəlxalq sertifikat əldə etmişdir.
Peşəkar inkişafını daim davam etdirən müəllim onlarla təlim proqramında iştirak etmiş və onları fərqlənmə ilə tamamlamışdır.