Şəlalə Həsənova 1982-ci ildə anadan olub.
1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr pilləsi üzrə, 2003–2005-ci illərdə isə həmin fakültədə magistr pilləsi üzrə təhsil alıb.
Artıq 23 ildir ki, E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğuldur. Ötən il müəllimlərin sertifikasiya imtahanında 59 bal toplayaraq Bakı şəhəri üzrə 1-ci, respublika üzrə isə ən yüksək nəticə göstərən 2 müəllimdən biri olub.
Fəaliyyəti dövründə şagirdləri demək olar ki, hər il qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublikanın ən nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar. Bununla yanaşı, olimpiadalarda uğur qazanan şagirdləri də var. Onlardan biri – 2021-ci ildə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə bürünc medal qazanan, hazırda Azərbaycan Tibb Universitetində təhsil alan Prezident təqaüdçüsü Eldar Baxşəliyevdir. O, bu yaxınlarda “Brend tələbə” adına layiq görülüb.
Şəlalə Həsənova bundan sonra da fəaliyyətini daha da inkişaf etdirməyi, bilik və bacarıqlarını şagirdlərinə aşılamağa davam etməyi qarşısına məqsəd qoyub.