Selcan Məmmədzadə İmişli rayonu Muradxanlı kənd S. Qarayev adına ibtidai məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda informatika müəllimi ixtisasına malikdir. Üçüncü ali təhsili isə kompüter elmləri üzrədir.
Pedaqoji fəaliyyəti ilə yanaşı, Selcan Məmmədzadə yaradıcılıqla da məşğuldur. Onun “Ümidsiz bir ədəbiyyat” adlı romanı yaxın zamanda çap olunacaq. Qeyd edək ki, əsərin ön sözünün müəllifi Xalq şairi Nəriman Həsənzadədir. Roman insanın daxili mübarizəsi, psixoloji travmaları və sağalma prosesi mövzularını əhatə edir və müəllifin pedaqoji dünyagörüşünün bədii ifadəsi kimi dəyərləndirilir.
Selcan Məmmədzadə üçün müəllimlik təkcə dərs keçməkdən ibarət deyil. O, müəllimliyi uşağın şəxsiyyətinə hörmətlə yanaşmaq, düşünməyi öyrətmək və özünə inam formalaşdırmaq kimi dəyərləndirir. Məqsədi hər bir şagirdin potensialını üzə çıxarmaq və onların inkişafına töhfə verməkdir.
Bundan əlavə, onun pedaqoji fəaliyyəti Naxçıvan Televiziyasında yayımlanan “Müəllimlik nümunəsi” adlı layihə çərçivəsində çəkilmiş bədii film vasitəsilə də işıqlandırılıb.