İbrahimova Günay Mirfaiq qızı 12 avqust 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Həmin şəhərdə yerləşən Nizami Gəncəvi adına Təbiət və Texniki Elmlər Liseyini bitirdikdən sonra Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə qəbul olub.
Universiteti bitirdikdən sonra bir müddət pedaqoji fəaliyyətdən kənar qalsa da, ixtisasına olan sevgisi onu Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak etməyə həvəsləndirib. 2017-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq İmişli rayonu Muradxanlı kənd M. Məmmədov adına tam orta məktəbində coğrafiya müəllimi kimi ilk pedaqoji fəaliyyətinə başlayıb.
Şagirdlərin sevgisini qazanması, işinə ürəkdən bağlılığı və pedaqoji yanaşması şəhər mühitindən ayrılaraq kənd həyatına uyğunlaşmasında mühüm rol oynayıb. Bir müddət Muradxanlı kəndində çalışdıqdan sonra öz üzərində çalışaraq yenidən MİQ müsabiqəsində iştirak edib və İmişli şəhər A. Eminov adına 7 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirməyə başlayıb. Hazırda həmin məktəbdə coğrafiya müəllimi kimi çalışır.
2025-ci ildə keçirilən sertifikasiya imtahanından uğurla keçərək 55+35 bal toplayıb və pedaqoji fəaliyyətini daha böyük planlar və məqsədlərlə davam etdirir.
Onun ən böyük uğuru və nailiyyəti şagirdlərinin və pedaqoji kollektivin hörmət və sevgisini qazanmaq, şagirdlərinin tələbə adını qazanmasını və şəxsiyyət kimi formalaşmasını görməkdir. Coğrafiya fənnini şagirdlərinə tədris etdikcə bu elmə marağı və sevgisi daha da artıb. Müəllim olmaqdan və məhz coğrafiya müəllimi olmasından qürur duyur.