Arzu Həsənova- 1995-ci il 2 may tarixində Rusiya Federasiyası, Xabarovsk şəhərində anadan olub. 2001-ci ildə Gəncə şəhəri Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbdə 1-ci sinfə başlayıb və 2012-ci ildə Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbi bitirərək Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsi, Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olub.
2017-ci ildə MİQ imtahanında uğur qazanaraq Şəmkir rayon Yeni Həyat kənd tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışıb. Burada Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkil etdiyi “İxtisas sahəsi üzrə” təlimdə iştirak edib və yekun imtahandan müvəffəqiyyətlə keçərək sertifikatla təltif olunub. Onun şagirdlərinin riyaziyyat fənnindən qiymət göstəriciləri əvvəlki tədris dövrü ilə müqayisədə 50%-dən çox artıb və hazırlıq prosesinin səmərəliliyi nəticəsində 2 şagird Respublika Fənn Olimpiadasında finala vəsiqə qazanıb.
2023-cü il 17 mart tarixində Yeni Həyat kənd tam orta məktəbin direktoru Qətibə Məmmədova tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Eyni zamanda, Şəmkir rayonunun mədəni inkişafında və ictimai həyatında fərqləndiyinə görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin 28 sentyabr 2023-cü il tarixli 135 nömrəli sərəncamı ilə Fəxri Fərmanla təltif olunub.
2023-cü il MİQ imtahanında təkrar iştirak edərək 75 bal toplayıb və Göygöl şəhər İ. Novruzov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyətə başlayıb. 2024-cü il müəllimlərin sertifikasiya imtahanında 58 bal toplayaraq müvafiq nəticə əldə edib. “Dərsin planlaşdırılması” və “Dərsin təşkilinə yeni yanaşma” mövzularında təşkil olunmuş təlimlərdə iştirak edib. 2025-ci ildə pedaqoji fəaliyyətində fərqləndiyinə görə məktəbin direktoru Ayişə İsgəndərova tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
2024–2025-ci tədris ilində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında şagirdi gümüş medala layiq görüldüyünə görə 1 oktyabr 2025-ci il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən Fəxri Fərmanla təltif olunub.