Ləman Novruzova- 2006–2010-cu illərdə Gəncə Dövlət Universitetində 598 balla qəbul olduğu “Tarix–Coğrafiya” ixtisası üzrə bakalavr, 2010–2012-ci illərdə isə “Azərbaycanın fiziki coğrafiyası” ixtisası üzrə magistratura təhsili alıb. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə başa vurub.
2010-cu ildən Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseydə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Müəllimlərin Diaqnostik Qiymətləndirmə imtahanında 52 bal toplayıb. 2018–2020-ci illərdə həmin liseydə təşkilati işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda coğrafiya və STEAM müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.
15 ildən artıq pedaqoji staja malik olan Novruzova Ləman Əkbər qızı tədris prosesində müasir təlim metodlarını, layihə əsaslı öyrənmə və STEAM yanaşmasını uğurla tətbiq edib. O, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Blended Learning” üzrə beynəlxalq seminarında, həmçinin Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən innovasiyalar, layihə əsaslı öyrənmə, kodlaşdırma, modelləşdirmə və dizayn istiqamətləri üzrə təşkil olunan çoxsaylı peşəkar inkişaf təlimlərində iştirak edib. Eyni zamanda eTwinning beynəlxalq layihəsinin iştirakçısı olub.
Beynəlxalq STEAM Azərbaycan Festivalında mentorluq etdiyi komandalar yüksək nəticələr əldə edib. SAF-2022 müsabiqəsində Edu-Dron kateqoriyası üzrə mentorluq etdiyi komanda qızıl medal və “Attractive Team – 2022” nominasiyasına, SAF-2023 müsabiqəsində Mekatronika və İnnovativ Sərgi kateqoriyaları üzrə qızıl medal və “Attractive Team – 2023” mükafatına layiq görülüb. “First Lego League Challenge 2024” Azərbaycan turnirində komandası üçüncülük kuboku qazanıb. SAF-2025 müsabiqəsində isə “NextGen Creators” kateqoriyası üzrə mentorluq etdiyi komandalar qızıl və gümüş medal, həmçinin “Attractive Team – 2025” nominasiyası ilə təltif olunub.
Novruzova Ləman Əkbər qızı Təhsildə inkişaf və innovasiyalar üzrə V, VI və VII qrant müsabiqələrinin qalibi olan “STEAM möcüzəsi – IV sənaye inqilabına doğru”, “Sabahın Rəqəmsal Texnoloqları” və “First Goygol Robotics” layihələrinin idea müəllifi və təlimçisi kimi fəaliyyət göstərib, şagirdlərdə yaradıcılıq, tədqiqat və texnoloji bacarıqların formalaşdırılması sahəsində yüksək peşəkarlıq nümayiş etdirib. O, tədris prosesində innovativ yanaşmaların və STEAM metodologiyasının sistemli tətbiqi, eləcə də şagirdlərin respublika və beynəlxalq səviyyəli müsabiqə və layihələrdə uğurla iştirakının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.