Kamilə Baxşəliyeva- 2006–2017-ci illərdə Goranboy rayon Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2021-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib və elə həmin il Laçın rayon Qışlaq kənd tam orta məktəbində əmək fəaliyyətinə başlayıb.
2022-ci ildə yenidən MİQ imtahanında iştirak edib, 89,75 bal toplayaraq region birincisi olub və öz təhsil aldığı məktəbdə coğrafiya müəllimi kimi çalışmağa başlayıb.
Peşəkar fəaliyyətə başladığı gündən etibarən özünü inkişaf etdirmək və yenilikləri öyrənmək onun əsas hədəfinə çevrilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və digər rəsmi qurumlar tərəfindən təşkil olunan çoxsaylı təlimlərdə iştirak edib, müxtəlif bilik və sertifikatlar əldə edib. Onların sırasında “Microsoft Certified Educator” və “ICDL Profile Certificate” kimi beynəlxalq sertifikatlar da yer alıb.
Eyni zamanda “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi kimi Goranboy rayon müəllimləri üçün “Microsoft Sertifikatlı Pedaqoq” təlimlərini keçirib.
Hazırda Dövlət İmtahan Mərkəzinin marker müəllimi və DİM-in rəsmi sertifikatlı zal nəzarətçisi kimi də fəaliyyət göstərir. 2025–2026-cı tədris ilindən etibarən Goranboy şəhər 4 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən liseydə coğrafiya müəllimi kimi çalışmağa başlayıb.Gələcəkdə də öyrənmək və peşəkar inkişaf etmək onun dəyişməz hədəfi olaraq qalır.