Nəcəfi Aida Nadir qızı 1982-ci ildə Siyəzən rayonunda ziyalı ailəsində anadan olub. Atası Nadir müəllim uzun illər pedaqoji fəaliyyəti ilə seçilən, müəllimlik peşəsinə sədaqətli ziyalılardandır.
1999-cu ildə Siyəzən şəhər 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub və 2003-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Pedaqoji fəaliyyətinə 2005-ci ildə Siyəzən İnternat məktəbində başlayan Nəcəfi Aida 2006-cı ildən etibarən Siyəzən şəhər 1 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyətini davam etdirir. O, müəllimlik fəaliyyətini yalnız fənnin tədrisi ilə məhdudlaşdırmır, eyni zamanda şagird-müəllim münasibətlərinin düzgün qurulmasına, şagirdlərin şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verir. Davranışı və münasibəti ilə şagirdlərinə insani dəyərləri aşılayır.
Fəaliyyəti dövründə şagirdlərin inkişafına xüsusi diqqət yetirərək nümunəvi və açıq dərslər təşkil edib, onların zehni və intellektual səviyyəsinin, kimya fənninə marağının artmasına töhfə verib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan bir sıra inkişafyönümlü təlim və kurslarda iştirak edərək müxtəlif səviyyəli sertifikatlar əldə edib.
Onun yetişdirdiyi çoxsaylı şagirdlər müxtəlif ali təhsil müəssisələrində təhsil alırlar. Xüsusilə qeyd etmək olar ki, 2019-cu ildə sinif rəhbəri olduğu buraxılış sinfində üç şagirdi Prezident təqaüdünə layiq görülüb. Bu gün həmin məzunlar müxtəlif peşə sahələrində uğurla fəaliyyət göstərirlər.
Pedaqoji fəaliyyəti dövründə məktəb, təhsil sektoru və rayon rəhbərliyi tərəfindən müxtəlif təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub. 2023-cü ildə isə Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayev tərəfindən “Fəxri Fərman”la mükafatlandırılıb.
Onun övladı Nəcəfi Tunar 2024-cü ildə I qrup üzrə buraxılış və blok imtahanlarında yüksək nəticə göstərərək 602 bal toplayıb və Bakı Mühəndislik Universitetinin “İnformasiya təhlükəsizliyi” fakültəsinə qəbul olunub. Bu nailiyyət həm ailəsi, həm də təhsil aldığı məktəb üçün qürur mənbəyidir.