Fərman Mustafayev Yardımlı rayonunun F.A. Masiyev adına Gavran kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir. 2005-ci ildə orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinə 350 balla qəbul olunub. Müəllimlərin diaqnostik qiymətləndirməsində 48 bal toplayıb.
Pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai və idarəetmə sahəsində də aktiv fəaliyyət göstərən Fərman Mustafayev 2014-cü ildən bu günədək bələdiyyə üzvüdür. Müxtəlif dövrlərdə sədr müavini və sədr əvəzi vəzifələrində çalışıb. 2017-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri, 2018-ci ildən isə Gavran İcma İnkişaf Şurasının sədri kimi fəaliyyət göstərir.
O, 2021-ci ildən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatorudur və ölkədə fəaliyyət göstərən ilk məktəb mentorlarından biri hesab olunur. Eyni zamanda Azərbaycan Könüllülər Təşkilatının üzvüdür. Fərman Mustafayev həmçinin “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Yardımlı rayonu üzrə icra aparatının rəhbəri vəzifəsini icra edir.
Fəaliyyəti çərçivəsində iqtisadi layihə müəllifi olub və layihə USAID-in maliyyə dəstəyi ilə uğurla həyata keçirilib. Bundan əlavə, “Vətəndaş cəmiyyətinin inkişafına dəstək” mövzusunda sosial layihələrdə təlimçi kimi iştirak edib.
Fərman Mustafayev bir sıra yerli və beynəlxalq tədbir və forumlarda iştirak edib. Onun qatıldığı tədbirlər sırasında:
“Təhsildə Yeni Çağırışlar” I və II Beynəlxalq forumları,
“Volunteer Management” Beynəlxalq Forumu (Azərbaycan Könüllülər Təşkilatları İttifaqı və BBC Akademiyasının birgə təşkilatçılığı ilə),
İcma İnkişafı üzrə IV və V Beynəlxalq konfranslar,
Region Gənc Müəllimlərinin II Şəbəkələşmə Forumu yer alır.
Fərman Mustafayev pedaqoji, ictimai və layihə fəaliyyəti ilə regionda təhsilin və icma inkişafının təşviqinə töhfə verən fəal müəllimlərdən biridir.