Əliyeva Könül Akif qızı Bakı Pedaqoji Kollecinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. O, hazırda Lerik şəhər V. İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir və uzun illərdir ki, gənc nəslin təlim-tərbiyəsində fəal iştirak edir.
Könül müəllimənin 18 illik pedaqoji təcrübəsi vardır. O, müəllimlik fəaliyyətində daim öz üzərində çalışaraq peşəkar inkişafına xüsusi önəm verir. 2016-cı ildə keçirilən diaqnostik qiymətləndirmə imtahanında 42 bal toplamış, 2023-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanının test mərhələsində 53 bal, müsahibə mərhələsində isə 38 bal nəticə göstərmişdir. Bu nailiyyətlər onun peşəsinə olan məsuliyyətini və tədrisə yanaşmasındakı yüksək səviyyəni bir daha nümayiş etdirir.
Könül Əliyeva məktəbdə ictimai fəaliyyətlə də fəal məşğul olur. O, məktəbdə ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri kimi çalışır və müəllimlər arasında metodiki işlərin təşkili, tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm rol oynayır. Eyni zamanda ölkə üzrə keçirilən “Bilbacar” bilik yarışmasının məktəb üzrə koordinatoru kimi fəaliyyət göstərir.
Pedaqoji fəaliyyətinə görə Könül müəllimə Lerik Rayon Təhsil Sektoru tərəfindən “Fəxri fərman”, məktəb rəhbərliyi tərəfindən isə “Diplom” ilə təltif olunmuşdur.
İbtidai sinif müəllimi olaraq onun əsas məqsədi hər bir şagirdin daxili potensialını üzə çıxarmaq, onlarda ömürboyu öyrənmə həvəsi formalaşdırmaqdır. Dərslərində interaktiv metodlardan və oyun texnologiyalarından istifadə edərək tədris prosesini şagirdlər üçün maraqlı və cəlbedici bir öyrənmə mühitinə çevirməyə çalışır. O, şagirdlərinin nailiyyətlərini öz uğuru hesab edir və onların həm savadlı, həm də vətənpərvər şəxsiyyət kimi yetişməsi üçün böyük səylə çalışır.
Könül müəllim tədris prosesində milli-mənəvi dəyərlərin aşılanmasını pedaqoji fəaliyyətinin əsas prinsiplərindən biri hesab edir. Xüsusilə Zəfər Günü və digər əlamətdar tarixi günlərlə bağlı təşkil etdiyi bilik yarışmaları, ədəbi-bədii kompozisiyalar və yaradıcılıq müsabiqələri şagirdlərdə vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir. Şagirdlərin bu tədbirlərdə fəal iştirakı, milli qürur hissinin formalaşması və tarixi qələbəmizin əhəmiyyətini dərindən dərk etmələri onun fəaliyyətinin ən böyük nəticələrindən hesab olunur.