Cəmalə İsmayılova Əvəz qızı 28 iyun 1991-ci ildə Ağcabədi rayonunun Nəcəfqulubəli kəndində anadan olub. Ağcabədi Pedaqoji Kollecində texnologiya müəllimliyi ixtisası üzrə təhsil alıb və 2020-ci ildən pedaqoji fəaliyyətə texnologiya müəllimi kimi başlayıb. 2021-ci ildən isə icma əsaslı məktəbəqədər təhsil layihəsində fəaliyyət göstərir.
Texnologiya müəllimi kimi fəaliyyəti dövründə şagirdlərlə müxtəlif praktik tapşırıqlar və tətbiq yönümlü layihələr həyata keçirib. Dərslərdə əl bacarıqlarının inkişafına, məntiqi düşünmə və yaradıcılığın formalaşmasına yönəlmiş texnoloji layihələr təşkil edib. Şagirdlərin fəal iştirakını təmin edən fərdi və qrup işləri, sərgilər və mövzuya uyğun tədbirlər vasitəsilə texnologiya fənninin praktik əhəmiyyətini ön plana çıxarıb. Tədris prosesində nəzəri biliklərin real həyatla əlaqələndirilməsinə xüsusi diqqət yetirib.
Məktəbəqədər təhsil sahəsində fəaliyyəti zamanı uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun oyun əsaslı və tətbiq yönümlü fəaliyyətlər təşkil edib. Uşaqlarda sosial, emosional və yaradıcı bacarıqların inkişafına xidmət edən fəaliyyət mərkəzləri və yaradıcı məşğələlər həyata keçirib. İcma əsaslı məktəbəqədər təhsil layihəsində çalışaraq icma yönümlü yanaşmanın tətbiqində iştirak edib və eyni zamanda mentor-təlimçi müəllim kimi həmkarlarına metodiki dəstək göstərib.