Ağayeva Aygün Nəriman qızı 2008–2013-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2014-2016-cı illərdə Bakı Slavyan Universitetində “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” ixtisası üzrə magistratura təhsili alıb. Eyni dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili fənni üzrə marker müəllim vəzifəsində çalışıb. 2013–2014-cü illərdə AMİ-nin Cəlilabad filialında “Təbiət və riyazi fənlər” kafedrasında müəllim kimi fəaliyyət göstərib.
2018-ci ildə “İbtidai sinif müəlliminin peşə etikasının əsas xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işi metodik vəsait kimi çap olunub və hal-hazırda Bakı Slavyan Universitetində tədris prosesində istifadə olunur. 2021-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında 60 baldan 56 bal toplayaraq Qobustan rayonu, Cəyirli kənd, Ayaz Quliyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb. Pedaqoji stajı 6 il olan müəllim sertifikasiyada test imtahanında 57, müsahibədə isə 35 bal toplamışdır.
Aygün xanımın rəhbərliyi altında şagirdlər bir çox müsabiqələrdə yüksək nəticələr əldə ediblər. Azərbaycan Respublikasının Mərkəzi Bankının keçirdiyi “Maliyyə savadlılığı” müsabiqəsində məktəb respublika üzrə birinci yeri tutub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Xatirələrdə qalan oyuncaqlar” rəsm və əl işi müsabiqəsində şagirdlər fəal iştirak edib, həmçinin bilik müsabiqələrində yüksək nəticələr göstəriblər.
Pedaqoji fəaliyyət dövründə Aygün xanım Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən iki dəfə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi tərəfindən isə bir dəfə fəxri fərmanla təltif olunub. O, həmçinin Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və digər təşkilatların təhsil sahəsinə aid təlim və seminarlarında iştirak edərək sertifikat və diplomlarla təltif olunub.
Hazırda Aygün Ağayeva Qobustan rayonu, Cəyirli kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir və həm şagirdlərinin inkişafına, həm də təhsil sahəsində keyfiyyətin artırılmasına xüsusi diqqət göstərir.