Arzu Nəsirli Abşeron rayon Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi.
2018-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında 52 bal toplamış, ali məktəblərə qəbul imtahanında isə 411 bal nəticə göstərib. “21-ci əsr öyrənmə dizaynı” adlı metodik vəsaitin rəyçilərindən biridir.
Universitetin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə təhsil alıb, təhsil müddətində çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, seminar və təlimlərdə iştirak edib, məruzəçi kimi çıxış edib. Əsas məqsədi yüksək bilik və bacarıqlara malik müəllim kimi formalaşmaq olub.
2018-ci ildə doktorantura səviyyəsinə qəbul olunub. Elə həmin il müəllimlərin işə qəbulu imtahanında iştirak edərək test, vakansiya seçimi və müsahibə mərhələlərini uğurla tamamlayıb və imtahan prosesi nəticəsində M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.
Əmək fəaliyyəti dövründə Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saat hesabı ilə müəllim kimi çalışıb.
Tədris prosesində şagirdlərin şəxsiyyət kimi formalaşmasına və dünyagörüşlərinin genişlənməsinə xüsusi önəm verir. Bu məqsədlə tarixi məkanlara və muzeylərə ekskursiyalar təşkil edir, fəal təlim və interaktiv metodlardan istifadə edir. Onlayn və əyani dərslərdə innovativ yanaşmalar şagirdlərin dərsə marağını artırır.
Şagirdləri müxtəlif elmi konfrans və müsabiqələrdə uğurla iştirak edib. Şagird Osmanlı Rəhman 19–20 aprel 2019-cu il tarixlərində Azərbaycan Dillər Universitetində keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransında “Ana dilimiz milli sərvətimizdir” mövzusunda tezislə çıxış edib.
Həmçinin şagirdlər müxtəlif rəsm müsabiqələrinin qalibi olub. “Nərdivançı” layihəsi çərçivəsində keçirilən “Qarabağ dərsi” müsabiqəsində 1-ci sinif şagirdləri ilə II yerə, “Şagird və müəllim üz-üzə” müsabiqəsində isə III yerə layiq görülüb.