Əhmədova Sevinc Əli qızı 17 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. Tam orta təhsilini Bakı şəhəri Xarici dillər təmayüllü gimnaziyada alıb. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə qəbul olunub, bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra ixtisası üzrə həmin universitetin magistratura pilləsində təhsilini davam etdirib.
2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidənhazırlanma təhsili üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına da yiyələnib.
Pedaqoji fəaliyyətinə 2009-cu ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində başlayıb. 2012-ci ildən ailə vəziyyəti ilə əlaqədar olaraq Sumqayıt şəhərində yaşamağa başlayıb və pedaqoji fəaliyyətini Abşeron rayonu Masazır kənd 3 saylı tam orta məktəbdə davam etdirib.
2015-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında 54 bal toplayıb. 2018-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğurla iştirak edərək Sumqayıt şəhəri Təfəkkür liseyində fəaliyyətini davam etdirib.
2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edib, test mərhələsindən 56 bal, müsahibə mərhələsindən isə 40 bal toplayıb. Hazırda liseydə ibtidai sinif və STEAM müəllimi kimi fəaliyyət göstərir.
Peşəkar fəaliyyəti dövründə səmərəli pedaqoji fəaliyyətinə görə bir sıra fəxri fərman və diplomlarla təltif olunub:
2014-cü il – Abşeron Rayon Təhsil Şöbəsinin fəxri fərmanı
2019-cu il – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəxri fərman
2023-cü il – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəxri fərman
Daim innovativ yanaşmaları tətbiq edən və davamlı peşəkar inkişaf prinsipini əsas götürən pedaqoq müxtəlif vebinar, seminar və təlimlərdə iştirak edib, bir sıra sertifikat və diplomlar əldə edib. Onlardan bəziləri aşağıdakılardır:
2017-ci il – Xəzər Universitetinin Dünya Peşəkar İnkişaf Proqramı çərçivəsində “Təhsildə baş verən innovasiyalar” mövzusunda təlim
2019-cu il – UNICEF tərəfindən İnklüziv Təhsil layihəsi çərçivəsində “Uşaqların funksional qabiliyyətlərinin skrininqi” üzrə təlim
2020-ci il – Azərbaycan Respublikası Təhsil İnstitutu, “STEAM Azerbaijan” layihəsi çərçivəsində STEAM müəllimi təlimi
2021-ci il – “eTwinning Plus” layihəsi çərçivəsində “Azərbaycan–Türkiyə: Media savadlılığı və dezinformasiya” mövzusunda seminar
2025-ci il – VIII ADA Təhsil Konfransı çərçivəsində seminarlar
ARTİ tərəfindən təşkil olunmuş müxtəlif fənn yönümlü təlim və seminarlar
Müxtəlif özəl qurumlar tərəfindən keçirilmiş inkişaf proqramları, kurslar və təlimlər
eTwinning layihələri üzrə iştirakçı və qurucu qismində Milli və Avropa keyfiyyət nişanları
Bununla yanaşı, təhsildə inkişaf və innovasiyalar üzrə müxtəlif qrant layihələrinin iştirakçısı olub, 2023-cü ildə VII qrant müsabiqəsinin qalibi seçilən “Süni intellekt əsaslı gümrahlıq” layihəsinə rəhbərlik edib.
2025-ci ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Microsoft sertifikatlı pedaqoq” təlimində iştirak edib, imtahandan uğurla keçərək beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanıb.
Peşəkar inkişafı daim prioritet hesab edən Sevinc Əhmədova gələcək fəaliyyətində də özünü təkmilləşdirən proseslərin fəal iştirakçısı olmağı və şagird nailiyyətlərinin yüksəldilməsinə sistemli töhfələr verməyi qarşısına məqsəd qoyub.