2019-сu ildə yeni model əsasında keçiriləcək qəbul imtahanlarıyla bağlı bəzi məqamlar abituriyentlərə qaranlıq qalmaqda davam edir.
Şagirdlər və onların valideynləri 2019-cu ildə ixtisas qrupları üzrə keçid ballarını və müxtəlif ixtisaslara qəbul olunmaq üçün tələb olunan balları öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə çoxsaylı suallar ünvanlayırlar.
Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq informasiya vermək mümkün deyil.
Məlumatda qeyd olunub ki, abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün DİM tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.
Ötən il üçün formalaşmış keçid balları şagirdlərə ixtisas seçimində kömək məqsədilə “Abituriyent” jurnalının 2-ci buraxılışında nəşr olunacaq.
Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.