Magistratura imtahanının 1-ci cəhd mərhələsi keçirilib. İmtahandan sonra bakalavrların əksəriyyəti imtahanın çətin olduğunu, bəzi bakalavrlar isə normal keçdiyini qeyd ediblər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev bildirib ki, bakalavrlar əsasən məntiq fənni ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər:
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanında bakalavrlar əsasən məntiq fənnində çətinliklər yaşadıqlarını qeyd ediblər. Digər fənlərdən isə imtahanın daha normal olduğunu söyləyiblər. Məntiq fənnində riyazi məntiqlə bağlı sualların çoxluğu həm əlavə vaxt tələb edib, həm də çətinlik yaradıb.
Düşünmürəm ki, nəticələr aşağı olacaq. Əksinə, bu il həm müraciət sayı çoxdur, həm də ötən illərdə tətbiq olunan esse yazmaqda çətinlik çəkən bakalavrlar bu il imtahan formatından daha yaxşı məlumatlıdırlar. Buna görə də sualların cavablandırılmasında çətinlik yaşanması, ötən illə müqayisədə, o qədər də yüksək deyil.
Sadəcə, riyazi məntiq fənni üzrə sualların çoxluğu müəyyən qədər təsir edib. I cəhddə boşluq olan namizədlərin II cəhdə nəticələrini artırmalarını gözləyirik. Əgər II cəhdin nəticələri yüksək olarsa, bu il keçid balında artım ola bilər”, - deyə təhsil eksperti fikrini yekunlaşdırıb.