Buraxılış imtahanları yekunlaşdı. Cavablar hələ açıqlanmasa da, abituriyentlərin nəticələri, fənlərin asan və çətinliyi barədə fikirlər formalaşıb.
Təhlillərə və müşahidələrə əsasən ötən ilə nəzərən bu il ballar necə olacaq?
Təhsil üzrə ekspert Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, bu il bəzi ixtisaslarda keçid balları enəcək:
“Dövlət İmtahan Mərkəzi tərəfindən martın 2-si və 9-da ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsi hesab olunan buraxılış imtahanı keçirildi. Bu imtahan nəticələrini ötən illərlə müqayisə etsək, builki nəticələrin daha yaxşı olacağı qənaətinə gələ bilərik. Bunu demək üçün əsaslarımız var. Abituriyentlərin fikirlərinə əsasən, builki imtahan suallarının cavablandırılması daha asan olub. Bu il ötənilki buraxılışlardan daha yaxşı nəticələr olacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, V ixtisas qrupu və 11 illik bazadan kolleclərə qəbulda keçid balları artacaq. Çünki bu iki istiqamətin hər biri üzrə orta ixtisas təhsil müəssisələrinə birbaşa qəbul buraxılış imtahanı ilə mümkündür.
Digər ixtisas qrupları, yəni I,II,III və IV ixtisas qruplarına qəbul balını blok imtahanından sonra dəqiqliyi ilə demək olar. Amma proqnoz olaraq buraxılış imtahan nəticələrinin yüksək olacağı qənaətindəyik. Eyni nəticəni abituriyentlər blokda da təkrarlayarlarsa, bu zaman prestejli ixtisaslarda keçid ballarında ötən illə müqayisədə 3-5 bal arta bilər. Bəzi ixtisaslarda isə balların enəcəyi gözlənilir. Bu da plan yerlərinin artırılması ilə əlaqədardır. Bura 150 ballıq ixtisaslar və əmək bazarında o qədər də tələbat olmayan sahələr aiddir. Məhz bu istiqamətlərdə keçid balları aşağı formalaşa bilər.
2694 imtahan iştirakçısı arasında keçirdiyimiz sorğuya əsasən, 7% 300 bal topladığını, 22% namizəd 251-300 bal aralığında nəticə göstərdiyini, 16% 201-250 intervalında, 11% iştirakçı isə 151-200 bal aralığında nəticə göstərdiyini qeyd edib. Son olaraq 100 baldan aşağı nəticəni isə ümumilikdə 20-25% namizəd bildirib.
Bu statistika onu deməyə əsas verir ki, abituriyentlərin böyük əksəriyyəti 100 baldan çox nəticə əldə ediblər. Amma hər bir halda daha dəqiq nəticə üçün blok imtahan nəticələrini gözləyirik.
Ekspert bildirib ki, bu il buraxılış imtahanından abituriyentlərin şikayətləri çox olmayıb:
“9 martda keçirilmiş buraxılış imtahanında riyaziyyat suallarının əvvəlki ilə müqayisədə bir qədər çətin olduğu bildirilir. Amma ümumilikdə builki buraxılış imtahanı ötənilkilərə nisbətən abituriyentlər üçün daha əlçatan və asan olub”.