Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 07:37:44
Bu vacib sahə universitetlərdə niyə tədris olunmur? – Mütəxəssislər narahatdır

“İctimaiyyətlə əlaqələr” ifadəsi dünyada daha çox PR abreviaturası ilə tanınır. İngilis dilindəki "Publik Relations" (İctimai əlaqələr) söz birləşməsinin qısaltmasıdır.

Müasir dövrdə həm dövlət, həm də özəl sektor üçün ictimaiyyətlə əlaqələr işi eyni dərəcədə vacibdir. Hər bir quruma fayda vermək üçün həyata keçirilən fəaliyyətlər sistemi bu şöbənin işidir. Buna baxmayaraq Azərbaycanda PR təhsili heç bir universitetdə yoxdur. Fənn kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədris olunur.

AzEDU-ya açıqlamasında İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Elvin Babayev bildirib ki, bu gün ölkəmizdə bir sıra sahələr xüsusi önəm daşımağa başlayıb. Məsələn, insan resurslarının idarə olunması, əmək təhlükəsizliyi, ictimaiyyətlə əlaqələr, rəqəmsal marketinq, təchizat zəncirinin idarə olunması və s.

“İctimaiyyətlə əlaqələr informasiya müharibəsində üstünlük əldə edilməsində, mənfi və müsbət imic formalaşdırılmasında, süni böhranlar yaradılmasında və ya real böhranların həll edilməsində effektiv vasitədir. Bu sahənin tədrisi və güclü kadrların yetişdirilməsi vacibdir. Bütün dayanıqlı və böyük şirkətlərdə ictimaiyyətlə əlaqələr şöbəsi və ya departamenti mövcuddur. Kifayət qədər kadr tələbatı var, lakin ölkəmizdə bu sahə üzrə mütəxəssis yetişdirən universitet yoxdur. Hazırda qonşu dövlətlərdə PR sahəsində təhsil alıb gələn gənclərimiz çoxdur. Amma onların öyrəndiyi nəzəriyyə bizim bazarda praktiki cəhətdən keçərsizdir. Ona görə də gələcəkdə bu sahələr üzrə yaradılacaq ixtisasları praktik cəhətdən peşəkar mütəxəssislər tədris etməlidir”.

Mütəxəssis deyir ki, bu istiqamətdə artıq işlər görülür. Ölkəmizdə ictimaiyyətlə əlaqələr mütəxəssislərini bir araya toplayan “Azerbaijan Public Relations Specialists Association” (APRA) təşkilatı var:

“Təşkilat bu sahədə çalışan mütəxəssislərin təlimlərdə iştirakını və peşəkarlıqlarının artırılması istiqamətində əməli addımlar atır. Təbii ki, bununla kifayətlənmək olmaz. Bu kimi təşkilatlara dövlət dəstəyi də vacibdir. PR jurnalistika, marketinq, reklam, iqtisadiyyat, sosiolagiya, psixologiya və s. deyil. İctimaiyyətlə əlaqələr bunların cəmidir”.

Onun sözlərinə görə, bu sahə müstəqil olmalı, nəyinki fakültəsi, hətta institutu, araşdırma mərkəzləri də olmalıdır:

“Tarixə nəzər salsaq hər zaman zəif nöqtəmiz kommunikasiya olmuşdur. Haqqımız tapdalanmış, torpaqlarımız işğal olunmuş, soyqırımlara məruz qalmışıq. Lakin bunu dünyaya kifayət qədər çatdıra bilməmişik. Haqlı olan zaman haqsız vəziyyətə düşmüşük. Turizmin inkişafı, xarici investisiyaların cəlb olunması, istehsal etdiyimiz məhsulların dünya brendinə çevrilməsi üçün bu sahənin inkişafı vacibdir. Bu sahə üzrə mütəxəssis olmaq istəyən gənclərə tövsiyəm Jurnalistika fakültəsində təhsil almalarıdır. Sonra magistr təhsilini ictimaiyyətlə əlaqələr üzrə davam etdirsinlər. Xaricdə 4 illik təhsil çətin, xərclər də çox ola bilər. Buna görə magistr təhsilini Türkiyədə ala bilərlər. Ölkəmizdə təşkil olunan bütün PR təlim, seminar, konfrans və tədbirlərində iştirak edib, yerli mütəxəssislərin təcrübələrini öyrənsinlər”.

Əsmər Qabil