Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda fəaliyyəti qurulan Türkiyə-Azərbaycan Universitetinə (TAU) bu ildən tələbə qəbulu həyata keçirilib.
Belə ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.
Qeyd edək ki, Türkiyə- Azərbaycan Universitetinin plan yerləri 96.67% dolub.
Şəhid Hüseynov Nəcəf İlqar oğlunun bacısı İlahə Hüseynova Türkiyə- Azərbaycan Universitetinə qəbul olunan namizədlərdən biridir.
O, buraxılış imtahanından 260.5, qəbul imtahanından 347 bal toplayaraq, ümumi 607.5 balla Türkiyə- Azərbaycan Universitetinə daxil olunub.
İlahə Hüseynova təəssüratlarını AzEdu.az-a danışıb.
-İlahə xanım, sizi tələbə adını qazanmağınız münasibəti ilə təbrik edirik. Azərbaycanda yeni yaradılan bir universitetin ilk tələbələrindən olmaq necə bir hissdir?
-Sevincimin həddi-hüdudu yoxdur. Cavabların açıqlanacağı günü təxmini bildiyimə görə qəbul olduğum universiteti öyrənmək üçün öncədən mesaj şəklində kod göndərmişdim. Nəticələr çıxanda ilk anamla bölüşdüm. Sonra isə sinif yoldaşlarımla bu xəbəri paylaşdım. Bu hiss sözlə ifadə edilə bilməyəcək bir duyğudur. 11 illik əziyyətimin qarşılığını aldım.
-Necə oldu ki, məhz bu universitetdə təhsil almaq qərarına gəldiniz?
-Bu ali məktəbə seçim etməyimi mənə müəllimim təklif etdi. Qeyd etdi ki, Türkiyə -Azərbaycan Universitetində təhsil alanlardan biri olmaq mənim üçün üstünlükdür. Həmin ali məktəbdə qida mühəndisliyi ixtisası üzrə təhsil alsam həm bu ali məktəbin, həm də Hacettepe Universitetinin diplomunu almış olacam. Üstəlik tədrisin ingilis dilində olması dil baxımından inkişaf etməyimə səbəb olacaq. Bütün bunları nəzərə alaraq bu universitetdə təhsil almaq qərarına gəldim. Bu ali məktəbi yazdığım üçün çox sevincliyəm.
-Məlumdur ki, Türkiyə-Azərbaycan Universiteti yeni tədris ilindən fəaliyyətə başlayacaq. Ailən bu universiteti seçməyinə necə münasibət göstərdi?
-Uşaq yaşlarımdan Türkiyədə təhsil almaq arzum olub. Lakin valideynim uzaqda təhsil almağıma razı deyildi. Həmişə gözlərinin önündə olmağımı istəyiblər. Düşünürdüm ki, sırf bu səbəbə görə Türkiyədə təhsil ala bilməyəcəm. Artıq bu gün həm mənim, həm də valideynimin arzusu reallaşdı.
Mənə kənardan “sən bu universiteti niyə seçdin?”, “ Tanımırsan, bilmirsən”,-deyə fikir bildirməyə başladılar. Məndə olanlara izah etməyə çalışdım ki, hər şey birdən birə yaranmır. Hər şey ilk addımdan başlayır.
-Qeyd etdiniz ki, uzaqda təhsil almağınız ailənizin ürəyincə deyil. Bəs gələcəkdə xaricdə təhsil almaq istərdiniz?
-İngilis dili səviyyəm bir qədər aşağı olduğu üçün onu inkişaf etdirmək gələcək hədəflərim sırasındadır. Magistraturanı xaricdə oxumaq kimi planım var.
Qeyd edək ki, Şəhid Hüseynov Nəcəf İlqar oğlu II Qarabağ müharibəsinin Murov dağı zirvəsində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
kitabı