https://www.zirve.edu.az/
22.03.2018 10:09
Adları başqa planetlərdə əbədiləşdirilən Azərbaycan alimləri

 

Azərbaycan qədim zamanlardan səma cisimlərinin öyrənilməsində misilsiz rol oynayan elmi mərkəzlərdən olub. O zaman nücum adlanan astronomiya alimlərinin demək olar ki, böyük əksəriyyəti həm də dövrün böyük filosofları idilər.

Azərbaycan  bir neçə elm xadimi və mütəfəkkirlərinin adını daşıyan kraterlərə Ayda və Marsda rast gəlinir.

AzEDU.az həmin alimlərimizdən üçü haqqında məlumat verəcək:

 “Nəsirəddin Tusi” krateri - Siyahının başında adı çəkiləsi şəxs təbii ki, Şərq dünyasının ensiklopedik şəxsiyyəti Xacə Nəsirəddin Tusidir. “Elmin günəşi” adlandırılan Xacə Nəsirin anadan olduğu gündən vəfatına kimi həyatı həm də möcüzələrlə dolu olub. Bu gün də bir çox kəşflərin ona aid olunduğu gizli saxlanılır. Hətta hesabın təməl nöqtələrindən sayılan vurma cədvəlinin də yaradıcısı kimi onu göstərirlər. Azərbaycan fəlsəfə tarixinin araşdırıcısı mərhum Zakir Məmmədov Nəsirəddin Tusinin irsini tədqiq edərkən mənbələr əsasında belə bir faktı qeyd edir: 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içi boş yer kürəsi modeli də var imiş. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın (1459-1507) hazırlamasına dair fikri elmi fakt əsasında təkzib edir. Lakin çox təəssüflər olsun ki, dünyanın elmi ictimaiyyəti ilk qlobusun yenə də Behayma aid olduğunu qeyd edirlər.

“Nadir İbrahimov” krateri - Azərbaycanın qısa ömür yaşamasına baxmayaraq (44 il) ən məşhur astrofiziki səviyyəsinə qalxan Nadir İbrahimov ilk dəfə olaraq Mars planetinin heç kəsin indiyədək görə bilmədiyi sahəsinin xəritəsini çəkib. Əvvəlcə bu, dünya alimləri tərəfindən ciddi qarşılanmayıb. Daha sonra isə 1982-ci ildə dünya alimləri planetin 2000-ə yaxın fotosunu çəkməklə yeni sahələrini aşkarladığını təsdiqləyirlər. 1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleyası Azərbaycan astronomu Nadir Baba oğlu İbrahimovun Marsa dair araşdırmalarını yüksək qiymətləndirib, bu planetin səthindəki kraterlərin birinə onun adını verib. İndi Marsda Kopernik, Kepler, Keldış, Jül Vern kraterləri ilə yanaşı, İbrahimov krateri də mövcuddur.

“Əyyub Quliyev” planeti - Şamaxı Astrofizika Rəsədxanasının bu yaxınlarda işdən çıxarılan direktoru professor Əyyub Quliyevin adına kiçik bir planet var. ABŞ-ın Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanır. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet Ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Alim uzun müddət kometlərin tədqiqi ilə məşğul olub.

Elmin Nuri