Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-19 10:31:00
TÜBİTAK-ın AMEA ofisi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görüşü açaraq, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayıb. AMEA rəhbəri müasir dövrün qlobal çağırışlarına uyğun olaraq son bir il ərzində Akademiyada elmi elektron informasiya şəbəkəsinin yenilənməsi və onun ilkin nəticələri barədə ətraflı məlumat verib. AMEA-nın Rəyasət Heyətində və qurumun bütün elmi-tədqiqat müəssisələrində daxili imkanlar hesabına “Elektron Akademiya” şöbələrinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bu sahədə qarşıda duran vəzifələrdən danışıb.

 

Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, TÜBA, TÜBİTAK kimi nüfuzlu akademik qurumları ilə AMEA-nın elmi əməkdaşlıq əlaqələrinin genişləndirilərək daim yüksələn xətlə inkişaf etdiyini qeyd edən Akademiya rəhbəri qardaş ölkənin elmi təşkilatları ilə mövcud əlaqələrin bu gün daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Xüsusilə TÜBİTAK-la mövcud əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb, Şuranın tərkibində fəaliyyət göstərən Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi (ULAKBİM) ilə yeni əlaqələrin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlunun AMEA-nın bir sıra elmi müəssisələrində Elektron resurslar üzrə şöbələrin fəaliyyət sahələri ilə tanışlığını yüksək dəyərləndirən akademik İsa Həbibbəyli qarşılıqlı elmi əlaqələrin bundan sonra da genişləndiriləcəyinə, qısa müddətdə gözlənilən nəticələrin alınacağına əminliyini bildirib. AMEA rəhbəri bu mənada TÜBİTAK-ın AMEA ofisinin yaradılmasının səmərəliliyini vurğulayaraq, böyük əhəmiyyətini diqqətə çatdırıb.