Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-09 14:36:06
Ağalı kəndində “Kod Qarabağ”

İşğaldan azad olunmuş və müasir formada yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə  yeniyetmə və gənclər üçün Zəfər Gününə həsr olunmuş “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu keçirilib.

 

Bu barədə AzEdu.az-a Nümayəndəlikdən məlumat verilib.


İntellektual oyunun keçirilməsində məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək, həmçinin “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.

10 komanda şəklində 60 nəfər yeniyetmə və gəncin qatıldığı oyunda iştirakçılara Qarabağ, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, həmçinin “Zəfər Günü” və “Dövlət Bayrağı Günü” mövzularında şifrəli suallar təqdim olunub. Qarabağ gənclərinin iştirakı ilə baş tutan oyunda “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan könüllüləri” qrupu komanda kapitanı kimi iştirak edib.

Üç mərhələdən ibarət oyunda ən çox suala düzgün cavab verən “Xarıbülbül” komandası gərgin keçən mübarizənin qalibi elan olunub. “Zəfər” və “Murov” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər mükafatlandırılıb, onlara kubok, medal, sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, təşkilat tərəfindən fəaliyyət planına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə məskunlaşan uşaq, yeniyetmə və gənclər üçün bu kimi maraqlı məzmunlu, müxtəlif tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.