Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 17:10:00
“Şəhid yadigarı” : “Atamsız təkrar getdiyim yerlərə, onunla gedirmiş kimi hiss edirəm”

Azərbaycanda ali və orta təhsil müəssisələrində vətən uğrunda canını fəda etmiş şəhidlərin  övladları təhsil alır.

 

AzEdu.az təhsil portalı olaraq “Şəhid yadigarı” rubrikası adı altında müxtəlif təhsil müəssisələrində oxuyan şəhid övladları ilə silsilə müsahibələr alaraq, onları ictimaiyyətə təqdim edirik.

 

Bugünkü rubrikamızın qonağı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Əmrahova Aysudur.

 

-Özünüzü oxucularımıza təqdim etməyinizi istərdik..

 

-Mən, Əmrahova Aysu Şəhid çavuş Saməddin Əmrahovun qızıyam. 2021-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya ixtisasına qəbul olmuşam. Kəlbəcərli ailənin tək övladıyam. 

 

-Aysu xanım, uşaqlıqda gələcəyinizlə bağlı necə arzularınız var idi?

 

-Mənim uşaqlıqdan bəri ilk və ən böyük arzum BDU-ya qəbul olmaq idi. Arzum reallaşsa da, təəssüf ki, atam bunu görə bilmədi.

 

-Məktəb vaxtı dərslərinizə kim köməklik edirdi?

 

-Dərslərimə bəzən anam, bəzənsə atam kömək edirdi.

 

-Təhsilinizlə bağlı gələcək hədəfləriniz nələrdir?

 

-Xaricdə magistratura pilləsinə qəbul olaraq təhsilimi orada davam etdirməyi düşünürəm. Hesab edirəm ki, bu, gələcəkdə mənim üçün karyera istiqamətində böyük imkanlara yol açacaq.  

 

-Hər hansı bir yerdə çalışırsınız?

 

-2022-ci il dekabrın 2-dən etibarən BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsində işləyirəm. 

 

-Dərsləriniz necədir? İşinizin dərslərinizə hansısa təsiri var?

 

-Dərslərim qaydasındadır. İş saatım dərslərdən sonra olduğu üçün heç bir problem yaratmır.

 

 

-İdeal olaraq gördüyünüz biri var?

 

-İdealım təbii ki, atamdır. Onunla bərabər qurduğum xəyalları layiqincə həyata keçirməyə çalışıram. 

 

-Atanız xatirinizdə necə qalıb?

 

-Atam hər zaman ən çıxılmaz vəziyyətdə belə yol tapa bilən biri idi. Hətta biz ona deyirdik ki, "sən elə bil “yoxdan var edirsən”. İndi onunla getdiyimiz yerlərə təkrar getdikdə, sanki atam da yanımdaymış kimi hiss yaranır içimdə.

 

-Onunla bağlı ən yadda qalan xatirəniz nə olub?

 

-Xatırlayıram.. Bir dəfə Novruz bayramında qonşumuza papaq atmağa getmişdim. Həmin adam mənlə zarafatlaşmaq üçün papağımı alıb geri qaytarmadı. Mən də o vaxtlar uşaq olduğum üçün tez qaçıb atama xəbər etdim. O isə güldü və mənlə bərabər gedib papağımı geri aldıq. Ondan sonra qorxumdan bir də heç vaxt heç kimə papaq atmağa getmədim. Çünki artıq atam da yanımda deyil. 

 

-Atanız sizi hansı sahədə görmək istəyirdi?

 

-O məni daha çox idman sahəsində görməyi arzulayırdı. Mən də atamın arzusunu reallaşdırmaq üçün gələcəkdə hər hansı idman növü ilə hobbi kimi məşğul olacam.

 

-Son olaraq abituriyentlərə nə kimi tövsiyələr verərdiniz?

 

-Mən 11-ci sinifdə oxuyarkən atamın şəhid xəbərini aldım. Həmin vaxtlar dərslərim çox yaxşı olduğu halda birdən-birə çökdü hər şey. Uzun müddət  özümə gələ bilmədim. Düşünürdüm ki, universitetə qəbul ola bilməyəcəm. Amma özümü topladım, atama qəbul olacağımla bağlı söz verdiyimi xatırladım və ruhdan düşmədim. Abituriyentlərə tövsiyəm odur ki, heç bir zaman ruhdan düşməsinlər. Nə olur olsun özlərinə və bacaracaqlarına daim inansınlar. 

 

Sifayə Abbas