Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-02 13:33:47
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanuna dəyişiklik edilə bilər
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna əsasən, informasiya məhsullarında tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyən edilməsi həmin məhsulun istehsalçısı və ya yayımçısı tərəfindən müstəqil şəkildə və ya ekspertin iştirakı ilə həyata keçirilməlidir.

 

AzEdu.az xəbər verir ki, bunu "Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma" mövzusunda konfransda mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

 

O bildirib ki, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalarda və digər elanlarda, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən bilet, dəvətnamələrdə və digər sənədlərdə yaş təsnifatının aparılmasına nəzarət Mədəniyyət Nazirliyinə tapşırılsa da, kino nümayişi müəssisələrinin bilet və afişalarına, eləcə də nəşr olunan ədəbi kitablara nəzarətlə bağlı hər hansı müddəa yer almayıb:

 

"Ölkə ərazisində filmlərin dövlət reyestrinin aparılmasına çətinliklər yaratdığını, informasiya məhsulunun yayımında tamaşaçıların yaş təsnifatlarına əməl olunmasına nəzarət baxımından daha effektiv olacağını nəzərə alaraq, gələcəkdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanununa dəyişikliklər edilməsini və filmlərin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən olunmasının "Kinematoqrafiya haqqında" Qanuna və "Filmlərin yayımı və nümayişi Qaydaları"na əsasən həyata keçirilməsini təklif edirik".

 

Nazir müavini çıxışı zamanı, həmçinin qeyd edib ki, indiki mərhələdə çap olunan kitablarda yaş təsnifatlarına nəzarət funksiyasının Mədəniyyət Nazirliyinə, kino nümayişi müəssisələrinin bilet və afişalarında yaş təsnifatlarına nəzarət funksiyasının isə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinə həvalə edilməsi müddəasının "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanununa əlavə edilməsini, həmçinin informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasında Mədəniyyət Nazirliyi ilə yanaşı, Kino Agentliyinin nümayəndəsinin də təmsil olunmasını məqsədəuyğun hesab edirlər.