Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-28 09:31:00
“Brend tələbə”: “Yalnız universitet diplomu ilə iş tapmaq olmur”

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 


Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək göstəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərlə bölüşməsidir.



Budəfəki müsahibimiz Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Aysun Alyarovadır.

 

Müsahibimiz fəal tələbə olmağın sirlərindən söz açıb:

 

“Ali məktəbə bu il qəbul olunan tələbələrə ilk tövsiyəm odur ki, yalnız universitetdə verilən təhsillə kifayətlənməsinlər. Çünki bir neçə müddət keçəndən sonra onlar görəcəklər ki, bu, həqiqətən də onlar üçün yetərli deyil. Ona görə də universitetdən kənar könüllü təşkilatlara və təcrübə proqramlarına üzv olmaları tələbələr üçün faydalı olacaq. Bu seçim onların maraq dairəsindən asılıdır. Çünki bir çox Gənclər evləri, təşkilatlar və mərkəzlər mövcuddur və onların əsas məqsədi gənclər üçün faydalı olmaqdır. l kursların daha fəal və aktiv olması üçün universitet daxilində bir sıra klublar var ki, burada fakültə rəhbəri, sədr və ya kordinatorluq vəzifəsini icra edə bilərlər. Bir məqamı vurğulamaq istəyirəm ki, onlar hər hansı bir vəzifəyə yiyələnəcəklərsə, bunu layiqincə yerinə yetirməyə çalışsınlar”.

 


“Brend tələbə” ali məktəbə yeni qəbul olunan tələbələrin semestr imthanalarına necə hazırlaşmalı olduqlarını diqqətə çatdırıb:


“Bir çox tələbələr semestr imtahanlarına çox az müddət qalmış hazırlaşmağa başlayır. Bu tələbənin yaddaşından və məsuliyyətindən asılı olan bir nüansdır. Amma tövsiyə edərdim ki, dərslərdə aktiv olub, mühazirələri vaxtında öyrənərlərsə, bu onların imtahana rahat hazırlaşmağına çox böyük kömək olacaq”.

 


A.Alyarova qeyd edib ki, hazırda elə bir dövrdə yaşayırıq ki, tələbələr yalnız universitet diplomu ilə iş tapa bilmirlər:

 

“Gənclərin rahat iş tapmağına kömək edəcək bəzi nüanslar var. Məsələn, ünsiyyət , empatiya, dinləmə, anlama, müşahidə, analiz, kreativlik və s. bu bacarıqların tələbələrdə olması çox mühimdir. Düzdür, bəzi müəllimlər bu bacarıqları tələbələrə aşılaya, öyrədə bilər, lakin bu hər zaman olmur. Ona görə də gənclər bu bacarıqları özlərində inkişaf etdirmək üçün üzərilərində daima işləməli, bunun üçün daha yaxşı əlaqələr qurmağa çalışmalıdırlar”.