Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 16:27:29
AzMİU startap proqramında ölkəmizi təmsil edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Məftunə Salamova “Huawei Seeds for the Future 2023” proqramında Azərbaycan komandasını təmsil edən 5 nəfərdən biri olub.  

 


AzEdu.az xəbər verir ki, yaxın Şərq və Mərkəzi Asiyadan olan 15 ölkənin elit universitetləri Qətərin paytaxtı Dohada “Gələcək üçün toxum” proqramının birinci mərhələsində iştirak edib. Cəmi 175 tələbənin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də yer alıb.  

 


Proqram ən müasir İKT texnologiyalarını, elmi və texnoloji liderliyi, qlobal mövzularda müzakirələri, “Tech4Good” qrup layihələrini və s. mövzuları əhatə edib. Səkkiz günlük intensiv təlim sessiyaları və seminarların sonunda tələbələr öz “Tech4Good” layihələrini münsiflər heyətinə təqdim edib.

 

Münsiflər heyətinin seçdiyi 40 tələbədən ibarət yeddi komanda (Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), İordaniya, Özbəkistan, Monqolustan, Qazaxıstan) növbəti mərhələyə adlayıb.  AzMİU tələbəsinin də yer aldığı Azərbaycan komandası 10-16 sentyabr 2023-cü il tarixlərində BƏƏ-nin Dubay şəhərində keçiriləcək “Tech4Good” proqramının ikinci mərhələsində iştirak hüququ qazanıb.  

 


Xatırladaq ki, BƏƏ-nin Dubay şəhərində keçirilən “Tech4Good” regional müsabiqəsinin ikinci mərhələsindən sonra qaliblər Çində keçiriləcək qlobal final yarışında dünyanın digər komandalarına qarşı mübarizə aparmaq hüququ qazanacaqlar. Tələbələr davamlı inkişafa təkan vermək üçün İKT-nin böyük potensialını birgə araşdıracaqlar. “Tech4Good” Qlobal Müsabiqəsinin qalibləri Çində keçiriləcək “Tech4Good Startup Sprint” yarışına dəvət olunacaqlar və burada real sahibkarlıq mühiti ilə tanış olmaq, həmçinin 100.000 ABŞ dolları dəyərində startap dəstək fondu uğrunda yarışmaq üçün Şenzen, Pekin və digər şəhərlərə səfər edəcəklər.