Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 10:03:00
Pirallahı adasında dərs deyən “Fədakar müəllim”lə MÜSAHİBƏ

AzEdu.az saytı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə gedən müəllimlərlə müsahibələr dərc edib.


Bu dəfə haqqında bəhs etdiyimiz Təranə Quliyeva Xəzər dənizindəki Pirallahı adasında yerləşən məktəbdə müəllim işləyir. O, Bakıdan Pirallahı adasına işə gedib-gəlir.



AzEdu.az saytının "Fədakar müəllim" rubrikasının növbəti müsahibəsini təqdim edirik.  

 

Sizi oxuculara necə təqdim edək?  

 
- Mən - Quliyeva Təranə Famil qızı, 14.08.1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olmuşam. 2001-ci ildə Şahbuzkənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 2012-ci ildə həmin məktəbi bitirmişəm. 2012-ci ildə Naxçıvan Dövlət Universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin biologiya müəllimliyi ixtisasına qəbul olunmuşam. 2016-ci ildə universiteti bitirmişəm. 2022-ci müəllimlərin işə qəbulu (MİQ) imtahanında 86,25 bal toplayıb müəllimlik fəaliyyətinə başlamışam.

 

 - Pirallahıda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

- 186 nömrəli tam orta məktəbdə VI, VII, VIII, XI, X, XI siniflər üzrə ümumilikdə 10 sinif olmaqla biologiya fənnindən 20 saat dərs deyirəm.

 

 - Məktəbi niyə dəyişmək istəməmisiniz?

 

- Məsafə baxımından uzaq olsa da, şagirdlərin dərsə olan marağı, fənnə olan sevgisi,məktəbimizin mehriban kollektivi məni işimdə daha da həvəslə çalışmağa sövq edir. 

 

- Bu cür işləmək sizə sərf edir? Aldığınız məvacib sizi qane edirmi?

 

 - Həftədə 4 gün işə gedib-gəlirəm. Müəllimlik peşəsi mənim uşaqlıq arzum olduğu üçün məvacibdən və yol xərclərindən asılı olmayaraq öz işimə böyük həvəslə yanaşıram. 

 

 - Müəllimlik peşəsini başqasıyla dəyişmək istəmisiniz?

 

 - Mən müəllim ailəsində doğulmuşam. Atam Əməkdar müəllimdir. Elə müəllimlik peşəsinə marağım da burdan irəli gəlir. Qeyd etdiyim kimi, müəllimlik peşəsi uşaqlıq arzum olduğundan onu dəyişmək fikrim olmayıb.