Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 11:07:58
“Bunker müəllimiyəm” deyən repetitor yalan danışır” - VALİDEYNLƏR ALDANMASIN!  

 

Heç kimə sirr deyil ki, “bunker müəllimlər” də repetitor fəaliyyəti göstərir. Onlar imtahana düşəcək sualların strukturunu bildiyi üçün abituriyentlərə də kontent baxımından həmin bilgiləri ötürə bilirlər. Hətta bəzən bunun üçün onların hazırlıq qiyməti digərlərindən də bir qədər üstün olur. Valideynləri narahat edən məsələ də bu mövzunun sosial bərabərsizlik kimi qiymətləndirilməsidir.

 

 İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

 

Məsələnin aydınlaşdırılması üçün təhsil eksperti İlqar Orucova müraciət etdik.

 

AzEdu.az-a açıqlama verən ekspert vurğulayıb ki, heç bir zaman repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim “bunker” olduğunu açıqlaya bilməz:

 

 

“Hesab edirəm ki, “bunker müəllimi” anlayışı yanlışdır. Repetitor fəaliyyəti zamanı sui-stifadə üçün istifadə olunur. “Bunker müəllimi”, ilk növbədə, onun kimliyi açıqlanmalı deyil. Heç bir zaman repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim bunker olduğunu açıqlaya bilməz. Əgər hər hansı bir müəllim sualların hazırlanmasında iştirak edirsə, kimliyi qapalı qalır”.

 

Həmsöhbətimiz, onu da qeyd etdi ki, bunker müəllim sualları müəyyənləşdirmir.

 

“Digər tərəfdən “bunker müəllim” sualları müəyyənləşdirmir. Sualları DİM-in xüsusi ekspertləri hazırlayır. Ona görə də adi repetitor müəllimi suallarla bağlı hansı təsəvvürlərə malikdirsə, “bunker müəllim” də o qədər məlumata sahibdir. Çünki DİM sualların strukturunu əvvəlcədən istər sınaqlarla, istərsə də kitabçalarda abituriyentlərin nəzərinə çatdırır”.

 

İ.Orucovun sözlərinə görə, “bunker müəllimiyəm” deyə bu addan istifadə edən varsa, həmin müəllimlər yalan danışırlar:

 

“Ola bilməz ki, belə bir fəaliyyəti olsun və bunun yayılmasının qadağan olmasına baxmayaraq həmin müəllim özünü bunker olaraq qələmə versin. Onlar repetitorluq bazarında valideynləri və şagirdləri aldadan şəxslərdir.

 

Başqa bir məsələ isə bundan ibarətdir ki, DİM-də sualların hazırlanmasında iştirak edən şəxslər repetitorluq fəaliyyəti göstərmirlər. Onların buna zamanı da yoxdur. Hansı suallardan istifadə olunub - olunmayacağını da heç kim bilməz. Çünki bunu sistem özü müəyyənləşdirir”.