Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 09:14:00
Lütfi Zadə Azərbaycanla bağlı nəyin həsrətini çəkirmiş? - Rafiq Əliyev AÇIQLADI - MÜSAHİBƏ

Adam var ki, özünün, ailəsinin yükünü çəkə bilmir, adam da var, nəinki özü, ailəsi, vətəni, hətta dünyanın dərdini çəkir. "Alim öldü, aləm öldü" deyimi də məhz bu düşüncədən qaynaqlanır. Şübhəsiz ki, dünyanın yükünü çəkənlər  gerçək alimlərdir. Biz COVID-19 pandemiyası dönəmində də şahidi olduq ki, dünyanı yalnız gerçək elm və alim xilas edə bilir. Heç bir pafosa yol vermədən qeyd edə bilərik ki, bizim müsahibiz də dünya elminə töhfələr vermiş, öz elmi əsərləri ilə dünya elm cameəsində intonasiyanı dəyişən əsl alimdir.

 


AzEdu.az saytı texnika elmləri doktoru, professor Rafiq Əliyevlə söhbətin ardını təqdim edir.

 

 

Müsahibənin əvvəlini bu LİNKDƏN oxuya bilərsiniz.


- İmkanlı adamların övladları bəzən xaricə oxumağa deyil, gəzməyə gedirlər. Jurnalist həmkarınız Şahvələd Çobanoğlunun övladı 6-7 ölkədən qızıl medal alıb.

O, dünyanın ən nüfuzlu universitetlərindən birinə - Massachusetts Institute of Technology-ə (MIT) "Computer science" ixtisasına qəbul olunub. MIT kimi universitetə daxil olmaq asan deyil. Şahvələdi də tanıyırsınız. Belələri çoxdur. Yalnız ADNSU-dan bir il ərzində 800 nəfərə yaxın talantlı tələbə xaricə gedib.

- Hansı ixtisaslar üzrə?

 

- Ən çox İKT üzrə...

 

- Onlar ölkəyə qayıdacaqlarmı?

 

- Ora da gələcəm. Onlar niyə gedirlər?

Şükürlər olsun ki, böyük ehtimalla deyə bilərəm ki, Azərbaycandan bu il universitetlərin "QS" ranqlaşdırılmasında 3 universitetimiz 1000-nin ətrafındadır.

 

- Hansı universitetlər?

 

- BDU, ADNSU və UNEC. Bunu uğur hesab edirəm. Amma 2-3 il öncə heç bu da yox idi. İndi 1100, 1200 ətrafında qərarlaşıblar.

Xaricə gedən tələbələrin seçdiyi universitetlər isə çox vaxt 1, 2, 3, 5 uzağı 10, 20-ci yerdədirlər. O uşaqların talantı var, amma mühiti yoxdur. Bu bir. İkincisi, mühitdən başqa, ağır olsa da deyəcəyəm. Həmin tələbələr ədalət istəyirlər. Onların düşüncə tərzi təmiz başqadır. Astraliyada təhsil alan Nihat Əliyev adlı bir gənc var idi, internetdə bizim əsərlərimizi oxuyub. 7-8 il öncə mənə məktub yazdı ki, iki magistratura bitirib. İndi isə doktorluq dərəcəsi olan PhD oxumaq istəyir. Bütün dünyada bir dərəcədir, bizdə isə iki dərəcədir. Təsəvvür edin, Lütfi Zadənin elmi dərəcəsi PhD-dir.


Bir məqaləmdə qeyd etmişdim ki, Eynşteyn və Lütfi Zadənin elmlər doktoru dərəcəsi yoxdur, ancaq PhD-si var. Dünya elm həyatı başqa cürdür, o sistemə keçiriksə, gərək tam keçək.


Nihat Əliyevə razılıq verdim. Ancaq bir şərtlə ki, 2 il mənim yanımda, 2 il də xaricdə işləsin. İki rəhbəri olsun, biri mən, biri də xaricdəki. Burda bizim laboratoriyamız var. Oturdu işlədi. O, ev kirayəsini vermək üçün işə düzəldi. Bir müddət sonra sonra gəldi ki, Avstraliyaya qayıdır. Dedim niyə? Cavab verdi ki, ona yüksək əmək haqqı vəd ediblər. Amma maaş kimi 200 manat veriblər, qalanını paket şəkilində təqdim ediblər. O da deyib ki, PhD-ni paket almaq üçün oxumur. Onlar paket istəmirlər. Ona görə də qoy getsinlər. Onsuz da orada da lobbimizi yaradırlar. İnşallah hər şey durulanda qayıdacaqlar. 

 

- Rusiya-Ukrayna müharibəsində Türkiyənin dayandığı nöqtəni qeyri-səlis məntiqlə izah etdiniz. Bəs Qarabağ məsələsində qeyri-səlis məntiq haradadır və vəziyyət kimin xeyrinədir?
 


- İstəməzdim siyasi suala keçək. Amma Qarabağ hadisələri başlayanda, 1987-ci ilin sonu, 1988-ci ilin əvvəlində Qarabağ probleminin qeyri-səlis modeli yarandı. Çox maraqlıdır, tədqiqatçılar proqnoz vermişdilər ki, 1988-ci ilin 6 sentyabrında tətil olacaq. Camaat tətilə çıxacaq. Hadisələrdən 6-7 ay qabaq hesablamışdılar. Konfliktologiyada qeyri-səlis məntiqin 18 konfliktolji modeli var. Həmişə demişəm ki, Qarabağın qara günü ATƏT-in Minsk qrupu yaranandan başladı, Qarabağ məsələsi o vaxt tam həll olunacaq ki, beynəlxaq fəzada optimal nöqtəni seçə biləcəyik. Optimal nöqtə masada tapılır. Ondan sonra meydanda həyata keçirilir. Düşünürəm ki, o nöqtə də düz tapılıb. Allaha şükürlər olsun. İstədiyimizin xeyli hissəsinə nail olmuşuq. Düşünürəm ki, qalan məqamlara da çatacağıq.

 

Süni intellektlə bağlı, bəziləri bunu "texnologiya insanları udacaq" kimi dəyərləndirir. Süni intellekt dünyaya nə vəd edir?

 

- Süni intellekt ümumi bəşəri intellekti gücləndirəcək. Bu da elmdən gəlir. Bütün ziqzaqlarda bəşəriyyəti çətin situasiyadan idman və roman yox, ancaq elm çıxarıb. O vaxt mənə sual verdilər ki, elm niyə belə bəsitləşib ki, COVID-19-a vaksin tapa bilmirlər?


Cavab verdim ki, bəsitləşməyib, Vaksin yaratmaq üçün 10, 15, 20 il zaman lazımdır. Onun sintezi, eksperimenti zaman alır. 2 ilə vaksin yaradan alimlərə «sağ ol» demək lazımdır. Ancaq dünya Ronaldo və Messiyə pul verir. Alimə nə pul verirlər ki? Amerikada da dostalarım var. İlə 60 min dollar alırlar. Ondan da çıxılır. 40 min qalır. 40 min dollarla Amerikada yaşamaq çətindir. Ayaqla oynanılanı başa düşmək asandı, ondan ləzzət alırlar, amma beyinlə oynamağı başa düşmək çətindir. Sizə deyim, tarixi izləsəniz, Eynşteyndən tutmuş, bu günə kimi heç bir alimin ağ günü olmayıb. Hamısı sıxılıb.

 
- Lütfi Zadənin də sıxıntısı var idimi? Məşhur alim idi, niyə sıxılırdı ki?

 

- Məşhurluğundan sıxılırdı. Qeyri-səlis məntiqlə bağlı onu o qədər tənqid edirdilər ki? Heç bir mənası yox idi. Qeyri-səlis məntiq məqaləsi 1965-ci ildə dərc olundu. Cəmi 8-10 səhifədir. 5 dəfə dünya jurnalları onu geri qaytarıb ki, burada yeni heç bir yanaşma yoxdur. Amerikada onu qəbul etmədilər. Yaponiya onun nəzəriyyəsini tətbiq etməyə başlayanda böyük sərmayələr qoydu və böyük gəlirlər əldə etdi. Sonra Amerika başa düşdü ki, burda nəysə var.



- Lütfi Zadənin evində olmusunuz?

 

- Bəli, onun evi orta statistik azərbaycanlının evi kimidi.

 

- Maddi imkanımı yox idi, yoxsa özü belə sadə yaşamağa üstünlük verirdi?..

 

- Berkli Universiteti dünyada 3-cü, uzağı 5-ci, bəzən də 1-ci yerdə qərarlaşır. O universitetin binaları çoxdur. Ora daxil olanda, universitetə maliyyə dəstəyi verənlərin adları qeyd olunur. Lütfi Zadənin də adı orada birinci yer alıb. Nələri vardısa, təhsilə verirdi.

 
- Bəs bizimkilər? 



- Bizimkilər bir mahnı üçün 2-3 min dollar xərcləyirlər. Çalışdığım Corciya Dövlət Universitetinə qayıdanda, hər il görürəm ki, ora 15-20 mərtəbəli binalar bağışlayıblar. İçi də kitabla dolu. Bu günə kimi bizim kitabxanaya bir adam bir kitab bağışlayıbmı?


Allah Xudu Məmmədova rəhmət eləsin. Xudu müəllim deyirdi ki, "mən"dən "biz"ə keçəndə durulacağıq. Biz hələ "mən"də qalmışıq. Ona görə də çətinliklər var.


Süni intellekt barədə sualınıza qayıdaq. Dünyanı idarə etmək üçün kollektiv intellekt çatışmır. Ona görə müharibələr, xaoslar yaranır. Ümumbəşəri intellekti artırmaq lazımdır. Bu da ancaq süni intellekt vasitəsilə mümkündür. Onu da qeyd edim ki, süni intellekt haqqında ilk məqaləni 1950-ci ildə Lütfi Zadə yazıb. Süni intellektin işsizlik yaradacağına dair iddia ilə razılaşmıram.

 

- Əksini əsaslandıra bilərsinizmi?


Baxın, Harvard Universitetinin büdcəsi bir dövlətin büdcəsindən 2-3 dəfə böyükdür. Onlar elmi servislə məşğuldurlar. Bu gün Amerikada oturan cərrah Azərbaycanda mikrorobotlarla elə əməliyyatlar edər ki, sənin ora getməyinə ehtiyac qalmaz. Bu pisdir? O adamların intellekt səviyyəsinə keçmək lazımdır. Bütün bunlar süni intellektlə başa gəlir. 4-cü sənaye inqilabi süni intellektə əsaslanır. "Robotların üsyanı" adlı yazım vardı. Orada qeyd etmişəm ki, elm sahəsində açar olmalıdır. Elə bilirsiniz elm tam yaxşı şeydir?  



- Niyə yaxşı deyil?

 

- Elmdə açar olmasa, bu, müsibətlərə gətirir. Eynşteyn dedi ki, bilsəydim ki, nəzəriyyəm Naqasaki və Xirosimanı dağıtmaq üçün istifadəyə veriləcək, heç onu yaratmazdım. Heç şübhəm yoxdur, 3-5 ildən sonra robotlar Rafiq Əliyevdən də, Ayyət Əhməddən də, hətta onları yaradanlardan da ağıllı olacaq.

 

- Xarici auditoriyalarda çox olursunuz, xarici tələbə ilə azərbaycanlı tələbələrin fərqi nədədir?

 

- Almaniyaya 200-dən çox tələbə göndərmişik. Biz xor oxuya bilmirik deyə xaricdə orta statistik tələbə bizdən daha yüksəkdir. Onlar çox azaddırlar. İkincisi, onlar qətiyyən diplom üçün oxumurlar. Mənim çalışdığım Corciya Dövlət Universitetində proqram belədir ki, dərsi də, müəllimi də tələbələrin özləri seçir. Mən orda yeni texnologiyalar kursunu tədris edirəm. İqtisadiyyat və biznesdə qeyri-səlis məntiqi tədris edirəm. Bir dəfə maliyyə üzrə oxuyan tələbə də mənim kursumu seçmişdi. Səbəbini soruşdum, dedi ki, işə düzələndə yeni texnologiyanı soruşurlar. Onun üçün bu dərsi seçdim. Bizdə isə deyirlər ki, imtahanı verim, bir təhər diplomumu alım.
 


- Vurğuladınız ki, ABŞ-da universitetlərə içərisi kitab dolu binalar bağışlayırlar. Oradakı kitabxanalarda vəziyyət necədi?

 

- Kitabxanada yer tapmazsınız. Tək Almaniyanı, Amerikanı demirəm. Kipr və Türkiyənin özündə günün istənilən saatında gedin, kitabxana bağlanana kimi hətta yerdə oturub, kitab oxuyurlar. Onlar bilirlər ki, oxumaq onların gələcəyi üçün çox vacibdir. Xudu müəllim deyirdi ki, qrupunuzda zəif olanlardan bərk yapışın, sabah sizin müdir olacaq.

 

- Rafiq müəllimi tələbələrinə sevdirən, onu əzbərdənkənar edən hansı xarakteri, bacarığı və ya davranışıdır?

 

- 1964-cü ildə ilk dəfə auditoriyaya daxil olmuşam. Müxtəlif ölkələrdə dərslər keçmişəm. Bir dəfə də icazə verməmişəm ki, sinfə daxil olanda tələbəm ayağa qalxsın. Bu məsələ ətrafında mediada 3 il müzakirə aparıldı. 34 faiz insan deyirdi ki, Rafiq müəllim düz eləmir. Mən də tənqidə açıq insanam. İddia edirdilər ki, tələbənin ayağa qalxmasında pis heç bir əlamət yoxdur, əksinə bu, böyüyə, müəllimə hörmətdir. Mənsə onlara deyirdim ki, mənim azadlığımın çevrəsi orada qurtarır ki, sənin azadlığının çevrəsi başlayır. Sən mənim azadlığımın çevrəsinə girmə, dərsimdə səs salma, başqa işlərlə məşğul olma, ayağa durdun-durmadın fərqi yoxdur.


Bir dəfə Corciya Universitetində rektor, professor həmkarım və mən dəhlizlə gedirdik, tələbələrin hətta bəziləri yerdə oturub, dərsləri, yazı-pozuları ilə məşğul olurdular. Bir nəfər belə durub kənara çəkilmədi. Amma Azərbaycanda gördüyümü deyirəm, vaxtilə olub ki, rektor dəhlizə çıxanda tələblər divara qısılıblar. Tələbə, insan azad olmalıdır. O azad olmadısa, gələcəkdə nə şəxsiyyət olacaq?!

 

- Lütfi Zadə ilə söhbətlərinizin, görüşələrinizin çox olduğunu bildirdiniz, o, Azərbaycanla bağlı daha çox nəyin xiffətini, nisgilini çəkərdi?

 

- Qısa cavab verim. Bir dəfə yanımda bir jurnalist Lütfi Zadədən soruşdu ki, Azərbaycanın gələcəyini necə görürsünüz? Cavab: "Cənubi Koreyaya bax. Cənubi Koreyanın "Samsung" firmasının elmə ayırdığı vəsait bizim qonşu və Yaxın Şərq ölkələrinin birlikdə elmə ayırdığı puldan dəfələrlə çoxdur". Cənubi Koreya 40 il öncə acınacaqlı durumda idi. İndi baxın. Lütfi Zadə Azərbaycana Cənubi Koreyanın nail olduğu tərəqqini arzulayırdı.


- Rafiq müəllim, sizi bir az da başqa profildən tanımaq istəyirik. Yəni Rafiq müəllim işdən sonra, məişətdə necədi, hansı işləri görür, hobbisi nədir?


- Məni qınaya bilərlər. Futbola baxmıram. Nərdtaxta, domino oynamıram. Cavan vaxtımda şahmat oyanayırdım. Boş vaxtlarımda xalq şairi Ramiz Rövşənlə, xalq yazıçısı, professor Kamal Abdulla ilə tez-tez görüşürük, yaxşı poeziya saatları olur...

 

Ramiz Rövşən fəlsəfəsi... "Qara paltarlı qadın"dan bir neçə misra mızıldanıram:

 

Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!


Qəfil Rafiq müəllim davam edir:

 


Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

 

Metafizika budur. Çox adam bunu anlamır.


Rafiq müəllimin gözləri tavana dikilir, müsahibənin, çəkilişin dayanmasını xahiş edir və Ramiz Rövşənə zəng vurur:

 

- Niyə imkan vermirsən ki, işləyim? - Replika atır.

İndi məndən müsahibə alırlar. Jurnalist Ayyət Əhməd "Qara paltarlı qadın"ı başdan-ayağa səsləndirdi. Bura şeir məclisidir? Sənin şeirin mənim vaxtımı alır. Amma yadına sal uduş mən tərəfdədir.

 

- Bu şeir nədən sizə bu qədər təsir etdi?

 

-Gəlin ora toxunmayaq. Mənim bir yazım vardı, rəhmətlik həyat yoldaşıma yazmışdım. Başlığı belə idi: "Qara paltarlı qadınım olmadın niyə?!". Oralara getmək istəmirəm. Bu şeir hamının qapısını döyə bilər. Dedim ki, şair bu şeiri çox sevirəm. O da cavab verdi ki: - Mənim onluğuma daxil deyil. Bu mənim xətrimə dəydi. Soruşdum ki, belə çıxır, mənim şeirdən başım çıxmır? Söylədim ki, sən olmasaydın, mən də şeir yazacaqdım. 20-30 şeirim çap olunmuşdu. Səni tanıyandan sonra daha şeir yazmadım.
 

- O şeirlər qalırmı? 


- Yox, Ağdamda itib-batdı.
 


- Kontenti nə ilə bağlı olurdu?
 


-Ritorik şeirlər idi.
Zaman keçdi Ramiz Rövşən dedi ki, indi 5-liyə daxildir. Dedim sən öz fikrində qal, mən də öz fikrimdə. Statistik təhlil etdim, “Youtub”a baxdım ki, ən çox deyilən şeir "Qara paltarlı qadın" olub. Hara getsək, ondan deyirdilər. Bir dəfə Ramiz müəllim mənə zəng vurub, söylədi ki, sən düzsən. Dedim nolub? Bildirdi ki, Türkiyə parlamentində qadınlar "Qara paltarlı qadın"ı söyləyiblər. Sonralar bu şeirə 3-4 mahnı yazıldı.


- "Qara paltarlı qadın"ı dedikdə nədənsə çöhrənizə qəribə bir ovqat, sentimental duyğu çökdü...
 


- Həyat yoldaşımla əlqədardır. Hər il həyat yoldaşıma bir məktub yazıram. Onları toplayıb kitab kimi çap edirlər. Bu şeir hislərimə toxunur.
 


- Sonda Azərbaycan gəncliyinə tövsiyələrinizi almaq istərdik.
 


- Bir onu deyə bilərəm ki, elm yolunda Çinə də getmək olar, elmdə hər çətinliyə dözmək lazımdır, amma onu da bilsinlər ki, elmdə pul yoxdur.

 

- Bəs necə olacaq həm çətindir, ağırdır, həm də pul yoxdur. Bu paradoksdan sonra kim bu yolu tutar?
 


- Lütfi Zadəgilə gedəndə şahidi olurdum ki, səhər, günorta və axşam yeməyini ancaq mətbəxdə yeyərdilər. Balaca bir mətbəxi və iki "taburetkası" vardı. Birində özü, birində həyat yoldaşı Fey Zadə oturardı. Mən gələndə haradansa üçüncünü tapıb gətirərdi. Yəni belə yaşayardı. Onu pul qəti maraqlandırmırdı. Eynşteynə cavan vaxtı deyirmişlər ki, niyə belə nimdaş geyinirsən? Cavab verirmiş ki: -Məni kimdi tanıyan.
Eynşyteyn olandan sonra yenə sual verirlər ki, indi niyə belə geyinirsən? Deyib ki, indi məni hamı tanıyır.
Onlar belə olublar.
Bir sözlə, gənclərin elmə yönəlməsi üçün motivasiya lazımdır. Elmə pul deyil, motivasiya dalınca gedənlər gəlsin.

Sonda müsahibimiz bizə sual ünvanladı:

- Bu görüşdə kim daha çox qazandı?


- Həmişə dinləyən qazanır, yəni biz (mən və operatorumuz Hilah Sultanov) Rafiq müəllimdən çox şey öyrəndik - Cavab verdim.


- Sizə opponentlik edəcəyəm. Başqa cür düşünürəm, mənim üçün mal da, var-dövlət də mənim dostarımdı. Siz bir dost qazandınız, mən isə 2 dost qazandım.

- İndi kim dövlətlidir?


- Siz ...