Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-17 10:31:00
AMEA- da Elmi şuranın iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

İclasda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə, onun ictimai-siyasi və mənəvi həyatına misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyət kimi daxil olub. Dəyərlər problemi fəlsəfə, sosiologiya, həm də psixologiyanın tədqiqat obyektinə daxildir. Bu kontekstdə ictimai elmlərlə əlaqəli müzakirələrdə dəyər mövzusu xüsusi əhəmiyyət kəsb edir. Qloballaşan dünyada mənəvi dəyərlərin deqradasiyası, tarixin süzgəcindən keçərək təşəkkül tapmış milli-mənəvi düşüncə sisteminin qeyri-ənənəvi mühit üçün “hazır” vəziyyətə gətirilməsi, yad düşüncə və həyat tərzinin doğmalıq kəsb etməsi heç kəsdə şübhə doğurmur, əksinə, ziyalıları, elm adamlarını düşündürür və narahat edir. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb.

 

Məruzəçi, həmçinin diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Onun sözlərinə görə, məhz o dövrdə əsası qoyulan və bu gün uğurla həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə 2166 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkədə 945 dini icma qeydiyyatdan keçib: “Bütün bu uğurlara Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunub”.

 

Sonra mövzuya dair müzakirələr aparılıb. Daha sonra bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub.

 

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji materiallarının saxlanılması fondunun bazasında Nadir tapıntılar fondunun yaradılması, Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin yaradılmasının 100 illik yubileyi ilə bağlı və s. məsələlər müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

 

İclasda Şərqşünaslıq İnstitutunun əməkdaşı filologiya elmləri doktoru, professor Elman Quliyevə 65 illik yubileyi münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin fəxri fərmanı təqdim edilib.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.