Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 17:14:12
Bir təhsil iki dövlət! - Dünyəvi təhsilə keçidə "qapı açılır" 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda səfərdə olarkən, Türkiyə-Azərbaycan Universitetindən danışıb. O qeyd edib: "Yaxın gələcəkdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını təmin edəcəyik".

R.T.Ərdoğanın sözlərinə görə, bununla bağlı qanunvericilik səviyyəsində də addımlar atılacaq.

 

Sözügedən universitetin Azərbaycan təhsil sisteminə vəd etdiyi perspektivlər barədə AzEdu.az-a danışan Ankara Universitetinin doktorantı, BDU-nun müəllimi Qoşqar Bəylərov da bu ali təhsil müəssisəsinin qurulmasının Azərbaycan təhsilində böyük əhəmiyyəti olacağı qənaətindədir:

 

“Azərbaycanın təhsil sistemi uzun illər sovet ideologiyasının təsirində olub. Hazırda Azərbaycan universitetlərində pedaqoji fəaliyyət göstərən müəllimlərin əksəriyyəti sovet təhsili ilə yetişmiş şəxslərdir. Ona görə də həmin müəllimlərin araşdırma metodları artıq köhnəlib. Müasir təhsil standartlarına cavab verə bilmir. Təbii ki, üzərində işləyib, özünü inkişaf etdirməyə çalışan müəllimlər də var. Ancaq yeni təhsil metodları, araşdırma üsulları ilə uyğunlaşa bilmirlər. Ona görə də bu gün Türkiyə-Azərbaycan Universitetinin qurulmasının Azərbaycan təhsilində böyük əhəmiyyəti ola bilər”.

 

Q.Bəylərov onu da diqqətə çatdırıb ki, yeni araşdırma metodlarının tətbiq edilməsi müxtəlif məzmunlu tədqiqatların ərsəyə gətirilməsinə zəmin yaradacaq:

 

"Türkiyədə isifadə olunan tədqiqat metodları, araşdırma texnikaları, kitabların buraxılış işlərinin, dissertasiyaların yazılma qaydaları Avropa standartlarına uyğunlaşdırılıb. Elmi işlərə qoyulan tələblərin səviyyəsi artırılıb. Plagiat hallarının qarşısının alınması üçün tədbirlər görülüb. Bu kimi məsələlərə nəzər yetirdikdə görürük ki, Türkiyə təhsil sistemi Avropa təhsili standartlarına cavab verir. Bu da düşünməyə əsas verir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ölkənin təhsil sisteminə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Yeni araşdırma metodlarının tətbiq edilməsi müxtəlif məzmunlu tədqiqatların ərsəyə gətirilməsinə zəmin yaradacaqdır".

 

Müsahibimiz universitetin yaradılmasının işin akademik tərəfi ilə yanaşı, milli görüşlərin formalaşmasına da müsbət təsir göstərəcəyini düşünür:

 

“Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, sözügedən universitetin yaradılması milli görüşün formalaşmasına da təsirsiz ötüşməyəcək. Çünki Azərbaycanda uzun illər, sovet ideologiyası hakim olduğu dönəmdə milli görüşlər sıxışdırılmışdı. Hazırda Türkiyə təhsil sisteminin təkcə akademik baxışlı tələbələr deyil, eyni zamanda milli görüşləri inkişaf etmiş gənclər yetişdirdiyini də müşahidə edirik. Bu baxımdan hesab edirəm ki, adıçəkilən universitet ölkəmiz üçün uğurlu olacaq”.