Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 10:16:00
Çin dilini öyrənmək istəyənlərin sayı artır

Rusiyada valideynlərdən 24 faizi övladlarının xarici dil kimi Çin dilinin öyrənməsini istəyir.

AzEdu.az xəbər verir ki, bu barədə NAFİ analitik mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat verilir.

İngilis dili isə hələlik xarici dillər arasında liderliyini saxlayır. Rəyi soruşulanlardan 80 faizi bu dilin öyrənilməsinə üstünlük verir. 2-ci yerdə 26 faizlə fransız dili, Çin dilindən sonra 4-cü yerdə alman dili gəlir - 20 faiz.

Valideynlərin əksəriyyəti uşaqlarının bir, yaxşı halda iki xarici dil öyrənməsini normal hesab edir.

“Çin dilinin öyrənilməsi bizdə digər xarici dillərlə müqayisədə hələ kütləvi hal almayıb. Amma yaxın gələcəkdə vəziyyətin dəyişəcəyi gözlənilir. Tendensiya Çin dilinə tələbatın getdikcə vüsət aldığını təsdiq edir” – deyə NAFİ-nin baş direktorunun müavini Timur Aymaletdinov məlumat verib.

Orta Asiyada yerləşən keçmiş SSRİ respublikalarında da Çin dilinin orta məktəblərdə tədrisinin getdikcə artdığı müşahidə olunur. Bəs Azərbaycanda?

Azedu.az təhsil portalı olaraq bu sahədə müvafiq qurumlarla müzakirələr aparırıq. Nəticələri haqqında dəyərli oxucularımızı məlumatlandıracağıq. Bizi izləyin.