Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 10:30:00
Oxunmasına qadağa qoyulan 10 kitab  

İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikaya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri.

 

Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik.

 

1.“Uliss” – Ceyms Coys

Homerin “İliada” əsərindən təsirlənərək yazılan əsərdə Leopard Blumun Dublində keçirdiyi bir gündən bəhs edilir. Hər iki kitab arasında üstüörtülü və aşkar paralellər var. Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.

 

2. “Heklberi Finnin macəraları” – Mark Tven

 

Məşhur Amerikalı yazıçı Mark Tvenin bu kitabında gənc qəhrəman Heklberi Finnin və Missisipi çayının ətrafında yaşayan əhalinin həyatından bəhs edilir. Kitab kobud dildə yazıldığına və irqi stereotiplərdən istifadə edildiyinə görə bir çox mübahisələrə səbəb olub və ABŞ-da müəyyən müddət ərzində qadağan edilib.

 

3. “Kandid” – Volter

 

“Kandid” optimizm nəzəriyyəsinə inanan eyni adlı qəhrəmanın həyatından bəhs edən satirik əsərdir. Həyatda çox çətinliklərlə üzləşən Kandid bu həyat tərzindən əl çəkməli olur. Kitab Volterə həm böyük şöhrət gətirib, həm də böyük skandala səbəb olub. Əsərin gizli çapından dərhal sonra, dini blasfemiyada, siyasi fitnə fəsad törətməkdə ittiham olunub və qadağan edilib.

 

4. “Ecazkar, yeni dünya” – Oldos Haksli

 

Əsərdə təsvir olunan dünya utopiyadır, insanlar qayğısız, tibb və texnologiya yüksək səviyyədə inkişaf edib. Müharibə və yoxsulluq ləğv edilib və hamı həmişəlik xoşbəxtdir. İroniya isə ondadır ki, xoşbəxtliyə insanların varlığı üçün önəmli olan ailə, mədəniyyət, incəsənət, ədəbiyyat, din və fəlsəfə kimi məhfumların məhv edilməsiylə nail olunub. Kitab dilə, ailəyə və dinə qarşı olması ittihamıyla İrlandiyada qadağan olunub.

 

5. “1984” Corc Oruell

 

“1984″ Uinston Smitin totalitar, utopik bir ölkədə məhv olan həyatından bəhs edir. “1984″ dəfələrlə müxtəlif səbəblərə görə tənqid olunub.Kitab çap olunan zaman Amerikada “kommunizm təbliğ” etdiyinə görə və əsərdəki açıq seksual səhnələrə görə tənqid edilib. İroniya isə ondan ibarətdir ki, keçmiş SSRİ-də də “1984″ kommunizmə edilən hücum kimi qiymətləndirilib və qadağan edilib.

 

6. “Çovdarlıqda uçurumdan qoruyan” – Selincer

 

Əsərdə Holden Kolfildin təhsil aldığı “Pensey Prep” kollecindən qovulmasından sonra, Nyu-Yorkda başına gələn hadisələrdən bəhs edilir. “Çovdarlıqda uçurumdan qoruyan” əsərində işlədilən kobud ifadələr və sözlərə, cinsəllik və yeniyetməlik problemlərinin təsvirinə görə mübahisələrə səbəb olub.

 

7. “Siçanlar və İnsanlar” – Con Steynbek

 

“Siçanlar və İnsanlar” romanı Nobel mükafatlı yazıçı Con Steynbek tərəfindən 1937-ci ildə yazılıb. Əsərdə Corc Milton və Lenni Smolun Böyük Böhran dövründəki faciəvi həyatından danışılır. “Siçanlar və İnsanlar haqda” tez-tez dilinin vulqar olmasına görə senzuraya məruz qalıb. Əsər bir sıra Amerika ictima və məktəb kitabxanalarında və dərs cədvəlində “evtanaziyanı yaymaq”, “irqi ayrı-seçkiliyə göz yummaq” və vulqar dilə sahib olması iddialarıyla qadağan olunub.

 

8. “Tom Dayının daxması” – Biçer Stou

 

“Tom dayının daxması” Amerikalı yazıçı Harriet Biçer Stounun quldarlıq əleyhinə yazdığı məşhur romanıdır. 1852-ci ildə nəşr edilən kitabın Amerikada quldarlığa və Afro-amerikanlara olan münasibətinin dəyişməsində mühüm rolu olub. Əsər çox tərif qazansa da, onu pisləyənlər də az olmayıb. Kitab Amerikanın cənubunda “abolsionist təbliğatı” kimi qiymətləndirilərək qadağan olunub və bir sıra quldarlıq tərəfdarı cənublu yazıçılar əsərə cavab olaraq “Anti-Tom ədəbiyyatı” silsiləsinə daxil olan əsərlər yazıblar.

 

9. “Milçəklərin Tanrısı” – Uilyam Qoldinq

 

“Milçəklərin Tanrısı” Nobel mükafatı laureatı Uilyam Qondinq tərəfindən yazılmış alleqorik əsərdir. Əsər qəza nəticəsində adaya düşən və burada yaşamağa məcbur olan bir qrup uşağın simasında insan tərəfindən yaradılan sivilizasiyanın məhv olduğunu, insanların həmişəlik vəhşilərə çevrildiyini göstərir. Əsər insanın heyvandan başqa bir şey olmadığını iddia etdiyinə görə və zorakılıq səhnələrinə,vulqar dilinə, irqçilik, qadınların, azlıqların, şikəstlərin və Tanrını alçaldan ifadələrdən istifadə edilməsi iddialarıyla qadağan olunub.

 

10. “Şeytan ayələri” – Salman Rüşdi

 

İlk dəfə 1988-ci ildə çap edilən əsər qismən Məhəmməd peyğəmbərin həyatından təsirlənərək yazılıb. Bu kitabda Rüşdi bir sıra “Quran” ayələrindən istifadə edərək, dinin bəzi aspektlərini ələ salır. Kitab Birləşmiş Krallıqda müsbət qarşılanmasına baxmayaraq, Ayətulla Xomeyni fətva verib və bütün müsəlmanları Rüşdini öldürməyə çağırıb.