Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 16:18:00
Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar  

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

 

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

 

AzEdu.az “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xəbər verir ki, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

 

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

 

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

 

Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 

 

Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

 

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.

 

Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, nəticələrin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.