Təhsil sistemində keyfiyyətin təmin olunması və təhsil standartlarının effektiv tətbiqinə nəzarət qiymətləndirmə vasitəsilə həyata keçirilir. Bu baxımdan qiymətləndirmə standartları təhsil standartları əsasında formalaşdırılır. Qiymətləndirmə yalnız şagirdlərin bilik və bacarıqlarının ölçülməsi ilə məhdudlaşmır, eyni zamanda təlim və tədris prosesinin səmərəliliyini müəyyənləşdirməyə, mövcud problemləri üzə çıxarmağa və təkmilləşdirmə istiqamətlərini müəyyən etməyə xidmət edir.
AzEdu.az-ın “Şagird nailiyyətlərinin qiymətləndirilməsinin pedaqoji əsasları” adlı metodik vəsaitdən əldə etdiyi məlumata görə, qiymətləndirmə zamanı proqramla bağlı ictimai maraqların nəzərə alınması, müəllimin fəaliyyətinin şagirdlərin tələbatına uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kurikulumda, planlaşdırmada və dərsliklərdə dəyişikliklərə ehtiyac olub-olmadığının qiymətləndirilməsi əsas amillər sırasındadır. Bu baxımdan Təhsil İslahatı Proqramının tələblərindən irəli gələrək hazırlanmış Qiymətləndirmə Konsepsiyası təhsil sistemində keyfiyyətin yüksəldilməsinə xidmət edir.
Sənəd təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi, təlim və tədris prosesinin təkmilləşdirilməsi, eləcə də şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı əsas konseptual çərçivəni müəyyənləşdirir. Konsepsiyada məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə sistemlərinin məqsədləri, prinsipləri, komponentləri və tətbiq mexanizmləri əksini tapıb.
Qiymətləndirmənin əsas istiqamətləri
Ümumi təhsil sistemində qiymətləndirmə məktəbdaxili, milli və beynəlxalq olmaqla üç əsas istiqamətdə həyata keçirilir.
Beynəlxalq qiymətləndirmə ölkəni təmsil edən şagirdlərin təlim göstəriciləri əsasında təhsilin ümumi vəziyyətini müəyyənləşdirmək məqsədi daşıyır. Bu qiymətləndirmə vasitəsilə təhsil sistemində mövcud problemlər aşkarlanır, onların həlli yolları araşdırılır, inkişaf perspektivləri proqnozlaşdırılır və ölkənin təhsil göstəriciləri digər dövlətlərlə müqayisə edilir.
Milli qiymətləndirmə təhsil prosesinin təşkili, planlaşdırılması və həyata keçirildiyi şərait haqqında məlumatların toplanması əsasında aparılır. Onun əsas məqsədi kurikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirməkdir. Milli qiymətləndirmə ümumi orta təhsilin bir pilləsindən digərinə keçid mərhələsində, 4-5 ildən bir həyata keçirilir.
Məktəbdaxili qiymətləndirmə isə dövlət təhsil standartlarının monitorinqini aparır, şagirdlərin bilik və bacarıqlarını müvafiq məzmun standartları əsasında ölçür və onların təlim nailiyyətlərini müəyyənləşdirir. Bu istiqamət məktəb səviyyəsində müəllimlər və rəhbərlik tərəfindən həyata keçirilir.
Məktəbdaxili qiymətləndirmə üç əsas istiqaməti əhatə edir:
- Şagird nailiyyətlərinin qiymətləndirilməsi: Şagirdlərin bilik və bacarıqları formativ, mikrosummativ və makrosummativ formalarda yazılı və şifahi şəkildə qiymətləndirilir. Formativ qiymətləndirmə müntəzəm və davamlı aparılır, mikrosummativ qiymətləndirmə bəhs və bölmələri, makrosummativ qiymətləndirmə isə yarımillikləri əhatə edir.
- Kurikulum üzrə qiymətləndirmə: Şagirdlərin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğu müəyyənləşdirilir.
- Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə: Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanları vasitəsilə həyata keçirilir və müvafiq təhsil sənədinin verilməsi ilə nəticələnir.
Məktəbdaxili qiymətləndirmə prosesində diaqnostik, formativ və summativ qiymətləndirmə növlərindən istifadə olunur.
Şagird nailiyyətlərinin qiymətləndirilməsinin məqsədi
Qiymətləndirmə ardıcıl və əlaqəli prosesdir. Onun həyata keçirilməsində şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq prinsipləri əsas götürülür. Bu proses təlimə təsir edən amillərin müəyyənləşdirilməsinə, mövcud çətinliklərin aşkarlanmasına və aradan qaldırılmasına imkan yaradır.
Məktəbdə şagird nailiyyətlərinin qiymətləndirilməsi bir neçə mühüm məqsədə xidmət edir. İlk növbədə, şagirdlərin bilik, bacarıq və vərdişləri hansı səviyyədə mənimsədikləri müəyyənləşdirilir. Bununla yanaşı, müəllimlərin hazırlıq səviyyəsi və pedaqoji fəaliyyəti haqqında məlumat əldə olunur, təlimin məzmunu və metodlarının səmərəliliyi qiymətləndirilir.
Qiymətləndirmə nəticələri həmçinin məktəbin idarəetmə fəaliyyətindəki nöqsanların və qabaqcıl təcrübələrin müəyyənləşdirilməsinə, ictimaiyyətin təhsilə münasibətinin öyrənilməsinə, eləcə də təhsil sahəsində düzgün qərarların qəbul edilməsinə şərait yaradır. Ehtiyac yarandıqda bu nəticələr əsasında təhsil standartlarında müvafiq dəyişikliklərin aparılması da mümkün olur.
Beləliklə, şagird nailiyyətlərinin qiymətləndirilməsi yalnız fərdi nəticələrin ölçülməsi vasitəsi deyil, bütövlükdə təhsil sisteminin inkişafını izləməyə imkan verən mexanizmdir. Bu mexanizm tədrisin keyfiyyətini, müəllimin pedaqoji fəaliyyətini və məktəbin fərdi məsuliyyətini müəyyənləşdirməyə, təlim prosesinin daha səmərəli təşkilinə xidmət edir.