Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 15:48:00
Tələbələr arasında minifutbol üzrə çempionat başa çatıb

Dekabrın 20-də Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən minifutbol üzrə çempionata yekun vurulub. 


   
AzEdu.az xəbər verir ki, çempionatın final qarşılaşmasında III yer uğrundakı oyunda Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə Bakı Dövlət Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.  



Oyunlardan sonra çempionatın bağlanış mərasimi keçirilib. 


 
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, SDU-nun rektoru Elxan Hüseynov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, tərəfdaş qurumların rəhbər şəxsləri, rektorlar, veteran futbolçular və digər rəsmi şəxslər iştirak ediblər.   



Sonda qalib komandalar diplom, medal, kubok, hədiyyələrlə mükafatlandırılıb və yarışlarda fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı hücumçu”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub. Eyni zamanda SDU-ya xatirə kuboku da təqdim edilib.   



Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, ATİAHİ Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “AzFar group” QSC-nin dəstəyi ilə keçirilən çempionatda ümumilikdə 480 tələbə qeydiyyatdan keçib. Oyunlarda isə 16 komanda iştirak edib.   


   
Çempionatın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol idman növünü təbliğ etmək, perspektivli idmançıları aşkar etmək və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaratmaqdır.