Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 09:53:00
Tatarıstanın mədəniyyət naziri ADNSU-da Elmi Şuranın iclasında iştirak edib

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb və Elmi Şurada iştirak edib.

 

AzEdu.az xəbər verir ki, qonaq haqqında şura üzvlərinə məlumat verilərək bildirilib ki, o, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gəlib və bu fürsətdən istifadə edərək doğma universiteti ola Azİİ-ə, onun rəhbərliyinə baş çəkmək, kollektiv ilə görüşmək qərarına gəlib. Elmi Şurada çıxış edən xanım nazir İradə Ayupova Azİİ-nin məzunu olduğunu qeyd edərək bu gün dünyanın hər yerində bu təhsil ocağını layiqincə təmsil edən yetirmələri olduğunu, onların hər zaman doğma universitetlərini sevə-sevə xatirələrində yaşatdıqlarını deyib. O, Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnun olduğunu bildirib və ona göstərilən diqqətə görə universitet rəhbərliyinə, Elmi Şura üzvlərinə təşəkkür edib.

 

Qonaq xanım nazir alqış sədaları ilə yola salındıqdan sonra Elmi Şura öz işini davam etdirib. Gündəlikdə olan məsələlər təsdiq olunduqdan sonra rektor, professor Mustafa Babanlı “Ali təhsildə yeniliklər: mövcud vəziyyət və problemlər” mövzusunda geniş məruzə ilə çıxış edib. Şura üzvləri tərəfindən maraqla qarşılanan mövzuda müasir təhsil, onun inkişafı ilə bağlı çox ciddi məqamlara toxunulub. Yeni texnologiyaların pedaqoji alətlərlə uyğunlaşması, idarəçilər və müəllimlərin təhsildə tətbiq etdikləri yeniliklər və digər bu kimi məsələlər slaydlarla geniş təhlil olunub.

 

Sonra “Müsabiqə və kvalifikasiya işləri” barədə elmi katib, dos. Nərminə Əliyeva, “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə British Council şirkəti tərəfindən keçirilmiş imtahanların sertifikatlaşdırılması qaydaları haqqında Tədris işləri üzrə prorektor, dos. Qasım Məmmədov çıxış ediblər. Elmi Şuranın iclasında həmçinin, QNMF-nin dekanı, professor Elman İsgəndərov fakültənin fəaliyyəti, qəbul statistikaları, əldə oluna uğurlar, yeniliklər və görüləcək işlərlə bağlı illik hesabat məruzəsi ilə çıxış edib.

 

Elmi Şuranın iclasında gündəlikdə olan digər məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.