https://www.zirve.edu.az/
14.03.2018 11:44
“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır
Çap et

Martın 11-də 27 rayonda keçirilən 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrini hər kəs böyük maraqla gözləyir.

AzEDU.az imtahan suallarını necə cavablandırdığı barədə məlumat almaq üçün buraxılış imtahanlarında iştirak edən şagirdlər və onların valideynləri ilə əlaqə saxlayıb.

Laçın rayon 11 saylı orta məktəbinin 9-cu sinif şagirdi Nərmin İsmayılovanın sözlərinə görə, riyaziyyat fənni üzrə imtahana düşən suallar çətin olub:

“Azərbaycan dili fənnindən salınan suallar normal səviyyədə idi, amma riyaziyyatı, demək olar ki, yaza bilmədim. Daha çox 8-9-cu sinif dərslikləri üzrə suallar üstünlük təşkil edirdi və çox çətin idi”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə İsgəndərli də imtahanda riyaziyyat fənni suallarını cavablandırmaqda çətinlik çəkib:

“Azərbaycan dilini yaxşı yazmışam, amma riyaziyyatdan cəmi 3 sualı həll edə bildim. Suallar çox çətin tərtib olunmuşdu”.

Valideyn Gülnarə Zeynalova da imtahana düşən sualların çətinliyindən narazıdır. O qeyd edir ki, riyaziyyat fənnindən olan suallar keçən ilə nisbətən daha çətin tərtib olunub:

“Keçən il oğlum, bu il isə qızım buraxılış imtahanlarında iştirak etdi. Hər ikisi də riyaziyyat fənninin suallarını cavablandırmaqda çətinlik çəkib. Oğlum yaxşı oxuyan şagird olmasına baxmayaraq, aşağı qiymət almışdı. Bugünkü imtahanda iştirak edən qızım da bu fəndən olan sualların bir neçəsini həll edə bilməyib”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzEDU.az-a məsələ ilə bağlı ətraflı danışıb, suallarla bağlı deyilənlərə də münasibətini bildirib:

"İmtahanda istifadə olunmuş suallar dərsliklərə və fənlər üzrə tətbiq olunan standartlara tam uyğundur. Bu imtahanda açıq tipli tapşırıqlardan da istifadə olunur. Burada şagirdin oxuyub-anlama və riyazi bacarıqları qiymətləndirilir. Hər imtahanda test blokunda asan, orta və çətin tipli tapşırıqlar olur. Bundan əlavə, 2013-cü ildən orta ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdlərinin monitorinq imtahanlarının nəticələri də geniş şəkildə təhlil olunur və mənimsənilməsi çətin olan mövzulardan imtahana suallar salınmır. Bu mövzular, eləcə də buraxılış imtahanı proqramları, fənlər üzrə alt standartlar, imtahanda istifadə olunacaq test tapşırığı nümunələri, qiymətləndirmə meyarları və s. “Abituriyent” jurnalının buraxılışlarında şagirdlərə təqdim olunur”. İmtahan iştirakçısı olan üç və ya dörd nəfərin fikrinə əsaslanaraq imtahanın məzmunu ilə bağlı fikir yürütmək doğru deyil. Təsəvvür edin, iki istiqamət üzrə keçirilən imtahanda 70 mindən çox   şagird iştirak edib. Nəticələr elmi-statistik təhlil edildikdən sonra deyə bilərik ki, şagirdlər imtahan suallarına necə cavab veriblər.

Nəzrin Rüstəmova

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları