Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-02 12:21:00
Sertifikasiya ilə bağlı etiraz - Bu müəllimlər cəlb olunmamalıdır

 

 

“Hazırda məktəbdə tədrisin keyfiyyəti, şagirdlərlə bağlı məqamlar kənarda qalıb, sadəcə müəllim hazırlığına diqqət edilir. Vəziyyət kənardan absurd görünür”.

 

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlərin beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqları müəyyən edilmişdi. Ancaq Elm və təhsil naziri sonra çıxışında nazirliyə verilən təkliflərə əsasən bu müddətin azaldılması istiqamətində çalışıldığını bildirdi.

 

Bəs bu dəyişiklik işə qəbul prosesindən yeni keçən müəllimlərə necə təsir göstərəcək?

 

Tanınmış pedaqoq Sona Əliyeva AzEdu.az-a açıqlamasında verilən qərarların tez-tez dəyişməsinin doğru olmadığını qeyd edib:

 

 

“MİQ-dən keçən müəllim kifayət qədər hazırlıqlı olur. İşəqəbul prosesində iştirak edən müəllim üçün sertifikasiya imtahanının hər hansı narazılıq yaradacağını düşünmürəm. Amma qərarların tez-tez dəyişməsi, müəllimlərin davamlı olaraq imtahan stressi yaşamasını doğru hesab etmirəm. Hazırda məktəbdə tədrisin keyfiyyəti, şagirdlərlə bağlı məqamlar kənarda qalıb, sadəcə müəllim hazırlığına diqqət edilir. Vəziyyət kənardan belə desək, absurd görünür. Ümumilikdə isə MİQ-dən keçən müəllimlərin sertifikasiyada çətinliklə üzləşəcəklərini düşünmürəm. İşə qəbul ağır bir prosesdir, müəllimlər yaxşı nəticə göstərmək üçün kifayət qədər ciddi hazırlaşmalıdırlar. Həmçinin, sonrakı müddətdə aktiv tədris fəaliyyəti göstərdikləri üçün məlumatlar  onlarda yenidir. Ümumiyyətlə MİQ-dən keçən müəllimin qısa müddətədə sertifikasiyaya cəlb edilməsi nə dərəcədə doğrudur? İmtahan imtahandır, qiymətləndirmə üçündür”.

 

 

O, davamlı imtahanın müəllimlərə mənfi təsirindən söz açıb:

 

 

“Bütün qaydalar dəqiqləşsə, konkret məlumat təqdim edilsə, daha məqsədəuyğun olar. Təhsil birmənalı olaraq hər kəsin həyatı ilə bağlı olan sahədir. Demək olar ki, hər ailədə ya təhsilalan, ya da təhsil işçisi var. Ona görə bu kimi qərarlarda daha diqqətli olmaq lazımdır ki, cəmiyyət tərəfindən mənfi şəkildə qarşılanmasın. Davamlı imtahan müəllimi psixoloji təzyiqə də məruz qoyur. Əvvəl verilən qərarların sonradan dəyişdirilməsi doğru deyil, dəqiq olaraq bir qayda müəyyənləşdirilsin və proses ona uyğun həyata keçirilsin. Müəllimlər şagird kimi qiymətləndirmələrə hazırlaşırlar, nə qədər stress keçirilər. Onları bu qədər psixoloji təzyiqə məruz qoymaq nə cəmiyyət, nə də onların özləri tərəfindən xoş qarşılanmır”.

 

S.Əliyeva repetitorluğun təhsildəki roluna diqqət çəkərək, məktəblərdəki neqativ halların səbəbindən danışıb:

 

“Anlayıram, təhsil çox vacib sahədir və burada güzəştlər olmamalıdır. Amma müəllim hazırlığına olduğu kimi şagirdlərə keyfiyyətli təhsilin verilməsinə də fokuslanmaq lazımdır. Məktəblərə nəzər salın, bir baxın yuxarı sinifləri məktəbdə tapmaq mümkündürmü? Əksəriyyətinin davamiyyəti kağız üzərindədir. Mən repetitorluğa da qarşı deyiləm. Hazırkı şəraitdə onların müəyyən rolu var.Amma bununla yanaşı elə bir tədris sistemi formalaşdırmaq lazımdır ki, şagirdin dərsdən sonra əlavə dərsə ehtiyacı qalmasın. Qəbul etmək lazımdır ki, əksəriyyətimizin övladının ali məktəbə qəbul olmasında repetitorların vacib rolu var. Amma bunu müəyyən qədər sistemə salmaq mütləqdir. Bu səbəblə müəllimlərdən daha çox məktəb sisteminə nəzər yetirmək lazımdır. Neqativ hallar günü-gündən artıq, şagird intiharları çoxalır, məktəblərimizdə xoşagəlməz hadisələrin sayı-hesabı yoxdur. Müəllimin bütün diqqəti öz imtahanlarına yönəldilir, məktəblərdə tədrisin keyfiyyəti, təlim-tərbiyə məsələləri qalır kənarda”.

 

 

“Təhsildəki bütün axsaqlıqlar cəmiyyətin korlanmasına, mənəvi dəyərlərinin korlanmasına səbəb olur. Vicdanı olan hər kəs bu məsələlərə diqqətlə yanaşmalıdır. Bəlkə də kənardan tənqidçi kimi görünürəm, amma tənqid etmək deyil, sadəcə problemlərin aradan qaldırılmasını istəyirəm. Övladlarım xaricdə təhsil alır, amma mən arzu edirəm ki, Azərbaycan təhsili yaxşı təməllərin üzərində qurulsun. Nəticədə cəmiyyətimizin gələcəyi, iqtisadi inkişafı daha yüksək olsun”-deyə, o bildirib.