Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-22 13:49:00
Elmlər akademiyaları və onların analoqları-Dünya təcrübəsi  

Bu gün ictimaiyyət arasında Azərbaycanda elmin vəziyyəti və onun idarə edilməsi, o cümlədən burada Azərbaycan Milli Elmlər Akademiyasının yeri və rolu barədə müzakirələr davam etməkdədir.

 

Son verilən qərarlar və daha sonrasında yeni prezidentin seçilməsi AMEA ilə bağlı müzakirələrin gündəmdə qalmasına gətirib çıxardı.

 

Bütün bunları nəzərə alaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Elmlər Akademiyası anlayışına uyğu gələn institusional qurumlara nəzər salmaq faydalı olar.

 

AzEdu.az müxtəlif dünya ölkələrində fəaliyyət göstərən elmi müəssisələrlə bağlı maraqlı məlumatları təqdim edir:

 

Amerika Birləşmiş Ştatları

 

ABŞ-da fundamental elm dövlət tədqiqat laboratoriyalarında və institutlarında, universitetlərdə, iri korporasiyaların tədqiqat şöbələrində, həmçinin bəzi özəl qeyrikommersiya təşkilatlarında (fondlarda) cəmləşmişdir. Elmin dəstəklənməsi ilə məşğul olan əsas federal agentlik 1950-ci ildə Konqres tərəfindən “millətin sağlamlığını, firavanlığını və rifahını yaxşılaşdırmaq üçün elmi inkişaf etdirmək; milli müdafiəni gücləndirmək üçün ... " yaradılmış Milli Elm Fondudur (National Science Foundation - NSF). Fond ABŞ Prezidenti tərəfindən təyin edilən və Senat tərəfindən təsdiqlənən şura və direktor tərəfindən idarə olunur. NSF ABŞ hökumətinin dəstəyi ilə universitet və kolleclərdə aparılan fundamental elmi tədqiqatların təxminən 20%-ni maliyyələşdirir. Bəzi sahələrdə (riyaziyyat, informatika və sosial elmlər) bu fond dövlətin əsas maliyyə mənbəyidir. NSF digər tədqiqat mərkəzlərinin birgə tədqiqatlarına, beynəlxalq tədqiqatlara, arktik stansiyalara, okean gəmilərinə, laboratoriyalara subsidiya, və hər il bir neçə min stipendiya verir. NSF-dən əlavə, Milli Sağlamlıq İnstitutları, Enerji Departamenti, NASA, Müdafiə Departamenti, Kənd Təsərrüfatı Departamenti və Daxili Təhlükəsizlik Departamenti də əsas elmi maliyyələşdirmə və dəstək proqramlarını həyata keçirir. Ümumiyyətlə, ABŞ-da fundamental tədqiqatların 50-60%-i dövlət kanalları vasitəsilə maliyyələşdirilir. ABŞ-da elmin maliyyələşdirilməsi mənbələri aşağıdakı kimi bölüşdürülür (UNESCO-nun 2010-cu il məlumatı): 27% - federal hökumət, 67% - özəl sektor, 7% - yerli hökumət, universitetlər, özəl qeyri-kommersiya təşkilatları. Eyni zamanda, bütün maliyyə vəsaitlərinin 17%-i fundamental tədqiqatlara, 22%-i tətbiqi tədqiqatlara, qalanı isə (60%) son məhsulun hazırlanmasına yönəldilir. ABŞ-da bir neçə Elmlər Akademiyası da mövcuddur (National Academies of Sciences, Engineering, and Medicine). Lakin o, ancaq görkəmli alimlərin daxil olduğu elm üzrə məsləhətçi orqan statusu daşıyır. Akademiya öz tədqiqatlarını aparmır, o, Ford, Rokfeller, Sloan fondları və qismən də NSF tərəfindən maliyyələşdirilir.

 

Birləşmiş Krallıq

 

Böyük Britaniya ÜDM-də elmi-tədqiqat və inkişaf xərclərinin ən yüksək payına sahib olan ölkələr sırasındadır və ən səmərəli elmi idarəetmə sistemlərindən birinə malikdir. Elmi tədqiqatlar dövlət qurumlarında və mərkəzlərində, universitetlərdə, korporasiyaların elmitexniki şöbələrində aparılır. 1915-ci ildə İngiltərədə elmi idarə etmək üçün ilk müasir bürokratik sistem - Elmi və Sənaye Tədqiqatları Departamenti yaradılmışdır (1965-ci ildə ləğv edilib). Dövlət elmi-tədqiqat işlərinin əsas maliyyə mənbəyi olaraq qalır və bu, idarə və nazirliklərin büdcələri hesabına həyata keçirilir, məsələn: Department for Business, Energy and Industrial Strategy (BEIS) – UKRİ vasitəsilə elmi tədqiqatların maliyyələşdirilməsini həyata keçirir. Müdafiə Departamenti (DoD) müxtəlif tədqiqat institutlarına resurslar ayırır və öz sahəsində R&D siyasət və proqramlarını əlaqələndirir. Elmin dövlət maliyyələşdirilməsi həm də tədqiqat şuraları adlanan qurumlar vasitəsilə həyata keçirilir (onların bir çoxu təkcə ölkədə deyil, həm də xaricdə tədqiqatları maliyyələşdirir. UK Research and Innovation (UKRI) universitetlərdə və kolleclərdə təhsil, tədqiqat və əlaqəli fəaliyyətlər üçün dövlət vəsaitlərinin paylanmasına cavabdehdir; İncəsənət və Humanitar Elmlər Araşdırma Şurası (Arts and Humanities Research Council - AHRC) incəsənət və humanitar elmlərdə tədqiqatları dəstəkləyir; Biotexnologiya və Həyat Elmləri Tədqiqat Şurası (Biotechnology and Biological Sciences Research Council - BBSRC) fundamental tədqiqatların əsas sponsorudur. Strateji Mühəndislik və Fiziki Tədqiqatlar Şurası (Engineering and Physical Sciences Research Council -EPSRC) - mühəndislik və təbiət elmləri sahəsində tədqiqat və təlim üçün maliyyə dəstəyi; İqtisadi və Sosial Araşdırmalar Şurası (Economic and Social Research Council - ESRC), Tibbi Tədqiqatlar Şurası (Medical Resaerch Council - MRC); Ətraf Mühitin Tədqiqatları Şurası (Natural Environment Research Council - NERC). Onlardan Elm və Texnologiya Şurası (Science and Technology Facilities Council - STFC) bütün dünyada alim və mühəndisləri dəstəkləyən Avropanın ən böyük fənlərarası tədqiqat təşkilatlarından biridir. O, astronomiya, hissəciklər fizikası, kosmik elmlər, nüvə fizikası üzrə tədqiqatları əhatə edir və Böyük Britaniyaya dünya səviyyəli tədqiqatlara çıxışı təmin edir. Əsasən ekspert və təhsil funksiyalarını yerinə yetirən və AMEA-nın analoqu sayıla bilən bir neçə elmi birlik var. Onlardan ən məşhuru Kral Cəmiyyəti - Böyük Britaniya və Birlik ölkələrinin Milli Elmlər Akademiyasıdır (tam dövlət tərəfindən maliyyələşdirilir və lakin qərar qəbul etməkdə avtonom müstəqildir). Digərlərinə misal olaraq, Britaniya Akademiyası - Milli Humanitar və Sosial Elmlər Akademiyası; Kral Coğrafiya Cəmiyyəti; Kral Mühəndislik Akademiyası; Kral Astronomiya Cəmiyyəti; Britaniya Elm Tarixi Cəmiyyəti. Bu təşkilatlardan ən əhəmiyyətlisi 17-ci əsrin ortalarında yaradılmış Kral Cəmiyyəti, daha dəqiq desək, Təbiət Biliklərinin Təkmilləşdirilməsi üzrə London Kral Cəmiyyətidir (The Royal Society of London for Improving Natural Knowledge). O, ölkənin mindən çox aparıcı alimini və xarici üzvləri birləşdirir, Britaniya Elm Şurasının üzvüdür və milli elm siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində ən mühüm ekspert orqanıdır. Akademiyada üzvlük fərdidir.

 

Almaniya

 

Almaniyada tədqiqat idarəetmə sistemi federal və əyalət səviyyələri arasında səpələnmişdir. Federal səviyyədə elm və texnologiya siyasəti Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən formalaşdırılır, İqtisadiyyat və Texnologiyalar Nazirliyi isə innovasiyaların yaradılması və həyata keçirilməsinə cavabdehdir. Regional səviyyədə elmi siyasətin formalaşdırılması Təhsil Nazirliyinə və İqtisadiyyat Nazirliyinə həvalə olunur. Almaniyada bütün elmi siyasəti əlaqələndirən vahid qurum yoxdur. Bu səviyyədə yalnız Almaniya Elm Şurası fəaliyyət göstərir, o, federal hökumətə tədqiqat və ali təhsillə bağlı məsləhətlər verir (ABŞ Elmlər Akademiyasına bənzər funksiyalar). Dövlət səviyyəsində Düsseldorfdakı Şimali Reyn-Vestfaliya Elmlər Akademiyası, Münhendəki Bavariya Elmlər Akademiyası, Berlin-Brandenburq Elmlər Akademiyası, Saksoniya Elmlər Akademiyasının daxil olduğu Alman Elmlər Akademiyaları İttifaqı var. Leypsiqdə, Heydelberqdə, Göttingendə Elmlər Akademiyası, Maynsda Elmlər və Ədəbiyyat Akademiyası mövcuddur. Almaniyada elmi tədqiqatlar (əsas və ya tətbiqi), Akademiyalar İttifaqı və bir çox universitetlərdən başqa, dörd böyük dövlət tədqiqat təşkilatı tərəfindən həyata keçirilir: Maks Plank Cəmiyyəti (geniş profilli əsas tədqiqat), Fraunhofer Cəmiyyəti (korporasiyalar və müəssisələrin sifarişi ilə tətbiqi tədqiqat), Helmholtz Assosiasiyası (elmi, texniki və bioloji-tibbi sahələrdə tədqiqat mərkəzləri kompleksi) və Leibniz Assosiasiyası (əsasən sosial-iqtisadi, psixoloji və siyasi tədqiqatlar). Bu təşkilatların ən böyüyü Maks Plank Cəmiyyətidir. O, ümumi heyəti 20.000-dən çox işçisi olan 80 elmi-tədqiqat institutu və təşkilatı özündə birləşdirir və universitetlər və Akademiyaların bölmələri üçün çox çətin olan tədqiqatları (o cümlədən, fənlərarası xarakter daşıyan və çox yüksək xərclərlə müşayət olunan) aparmağa qadirdir. Maks Plank Cəmiyyəti də AMEA kimi dövlət tərəfindən maliyyələşdirilir və ən mühüm fundamental tədqiqatları aparır. Amma eyni zamanda, bütün əmlakına tam sahiblik edir, həm də tədqiqatın istiqamətlərini və məzmununu seçməkdə muxtariyyətə malikdir. Bu muxtariyyət yalnız Cəmiyyətin Senat adlanan mərkəzi orqanı tərəfindən məhdudlaşdırılır ki, bu quruma 22 aparıcı alimdən əlavə 10 siyasətçi və dövlət xadimi, 7 ictimai təşkilat və həmkarlar ittifaqı nümayəndəsi, 6 maliyyə təşkilatı nümayəndəsi və 4 biznes nümayəndəsi daxildir.

 

Fransa

 

Bu gün Fransada fundamental elmi inkişaf etdirən əsas təşkilat Milli Elmi Tədqiqat Mərkəzidir (CNRS, Centre National de la Recherche Scientifique, CNRS). CNRS 10 tədqiqat institutunda və 7 departamentdə minlərlə alimi bir araya gətirir. Onun dövlət statusu və maliyyələşməsi, yüksək elmi muxtariyyət dərəcəsi Almaniyadakı Maks Plank Cəmiyyətinin statusuna çox yaxındır.

 

Çin

 

Çində Elmlər Akademiyası 1949-cu ildə Pekində Nankindəki Mərkəzi Tədqiqat Akademiyasının və Pekin Tədqiqat Akademiyasının bazasında yaradılmışdır. Eyni zamanda, Çin Xalq Respublikası Elmlər Akademiyası ilkin mərhələdə SSRİ Elmlər Akademiyasından kadrların hazırlanmasında və tədqiqatların genişləndirilməsində böyük köməklik almışdır. Müvafiq olaraq, funksiyalarına və təşkilati strukturuna görə Çin Xalq Respublikası Elmlər Akademiyası SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasına yaxındır. Əsas fərq ondan ibarətdir ki, Çin Xalq Respublikası Elmlər Akademiyası humanitar tədqiqatlar aparmır. Çin Xalq Respublikasının Elmlər Akademiyası təbiət elmləri sahəsində fundamental tədqiqatlar üzrə aparıcı Çin mərkəzidir, 84 elmi-tədqiqat institutunu və iki universiteti birləşdirir və beş şöbəni birləşdirir: riyaziyyat elmləri; fizika elmləri; kimya elmləri; yer elmləri; texniki elmlər. Çin Xalq Respublikasının Elmlər Akademiyası Elmlər Akademiyasının şöbələrini idarə edən və səkkiz nəfərdən (prezident, altı vitse-prezident və baş katib) daimi komissiya seçən Elmi Şura tərəfindən idarə olunur. Bundan əlavə, ölkənin bütün akademiklərindən ibarət Çin Elmlər Akademiyasının Sənaye Bölmələri Komitəsinə Çinin elmi-texniki sahədə ali məsləhət orqanı rolu həvalə edilib.

 

Qazaxıstan

 

Qazaxıstan Milli Elmlər Akademiyası 2003-ci ildən Prezidentin fərmanı ilə yaradılmış ictimai birlik kimi fəaliyyət göstərir. Akademiyanın bütün elmi-tədqiqat institutları ayrı-ayrı universitetlərin nəzdində fəaliyyət göstərir. Müstəqil Qərbi Avropa modeli sxemi üzrə inkişaf edən Akademiyanın Nizamnaməsinə uyğun olaraq, Akademiya indi kollektiv üzvləri, yəni elmi təşkilatlar və universitetləri də üzvlüyə qəbul edir. Artıq Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasına 41 kollektiv üzv qəbul olunub - bunlar akademik qurumlar, respublikanın milli və iri regional universitetləridir.

 

Litva

 

Litvada Elmlər Akademiyası 1941-ci ildən fəaliyyət göstərir. Akademiyada 5 bölmə (institut) var. Litvada elm siyasəti və tədqiqatların maliyyələşdirilməsi Litva Elmlər Akademiyası tərəfindən deyil, Litva Tədqiqat şurası tərəfindən həyata keçirilir. Litvanın Tədqiqat Şurası 1991-ci ildə milli səviyyədə elmin inkişafı problemlərinin həlli ilə məşğul olan ekspert institutu rolunu yerinə yetirmək üçün yaradılmışdır. Şura Litva Parlamentinin və Hökumətinin tədqiqat və tədqiqatçıların hazırlanması məsələləri üzrə orqanıdır, tədqiqatın proqram əsasında rəqabətli maliyyələşdirilməsini həyata keçirir, Litvanın ən mühüm elmi inkişafı proqramlarını idarə edir, tədqiqat fəaliyyətini qiymətləndirir və müxtəlif Avropa institutlarında və digər beynəlxalq təşkilatlarda Litva elmini təmsil edir.

 

Latviya

 

Latviyada Elmlər Akademiyası milli statusa malik qurum olsa da sadəcə nüfuzlu alimlərin assosiasiyası kimi fəaliyyət göstərir. Yalnız iki elmi-tədqiat institutu akademiyaya bağlı qurum kimi fəaliyyət göstərir. Müstəqillikdən sonra Latviya Elmlər Akademiyasının elmitədqiqat isntitutları universitetlərə verilmişdir. Latviyada elm siyasəti və tədqiqatın maliyyələşdirilməsi Təhsil və Elm Nazirliyi yanında Latviya Elm Şurası tərəfindən həyata keçirilir.

 

Çexiya

 

Çexiya Elmlər Akademiyası keçmiş Çexoslovakiya Elmlər Akademiyasının varisi kimi 1992- ci ildə yaradılmışdır. O, 54 dövlət elmi-tədqiqat müəssisəsindən ibarət kompleksi əhatə edir. ÇEA və onun institutlarının əsas missiyası təbiət, texniki və sosial elmlər və humanitar elmlərin geniş spektrində tədqiqat aparmaqdır. İstər yüksək ixtisaslaşmış, istərsə də fənlərarası xarakter daşıyan bu tədqiqat həm Çexiya cəmiyyətinin, həm də milli mədəniyyətin spesifik ehtiyaclarını nəzərə alaraq beynəlxalq səviyyədə elmi biliklərin inkişafını inkişaf etdirmək məqsədi daşıyır. Akademiya institutlarının tədqiqatçıları da xüsusilə gənc tədqiqatçılar üçün doktorantura proqramları vasitəsilə və universitetlərdə dərs deyərək təhsildə iştirak edirlər. Akademiya həmçinin tətbiqi tədqiqat və sənaye ilə əməkdaşlığı inkişaf etdirir. Çex elminin beynəlxalq kontekstə inteqrasiyası çoxsaylı birgə beynəlxalq tədqiqat layihələri və xaricdəki analoq institutlarla alimlərin mübadiləsi vasitəsilə təşviq edilir. ÇEA əsasən dövlət büdcəsindən maliyyələşir. Göründüyü kimi bir sıra ölkələrdə bu və ya digər şəkildə Elmlər Akademiyaları fəaliyyət göstərir. Bəzi hallarda onlar yalnız nüfuzlu alimlərin assossiasiyası, digər hallarda isə dövlət tərəfindən maliyyələşən müstəqil elmi təsisatlardır. Burdan çıxış edərək AMEA-nın da zamanın tələblərinə uyğun olaraq yenidən təşkili nəzərdən keçirilməlidir.