https://modern.az/
2022-09-30 17:42:00
“Azərbaycanda qalıb yaşamaq istəyirəm”-Əcnəbi tələbə  

Əcnəbi tələbələrin təəssüratları

 

 

Ali məktəblərə əcnəbi tələbələrin cəlb edilməsi müasir dövrümüzdə beynəlxalq əlaqələrin vacib istiqamətlərindən biri kimi qiymətləndirilir. Əcnəbi tələbələr ali təhsil müəssisələrində mədəniyyətlərin rəngarəngliyinə, zəngin intellektual mühitin yaranmasına, beynəlxalq əməkdaşlığın sürətli inkişafına səbəb olur. Artıq uzun illərdir ki, Azərbaycan ali məktəbləri qapılarını başqa dövlətlərin vətəndaşlarına açır, onları ölkəmizdə təhsilə cəlb edir, müxtəlif sahələr üzrə uğurlu mütəxəssislər yetişdirirlər.

 

Əcnəbi tələbələrin ən çox təhsil aldığı yerli ali təhsil müəssisələrindən Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və ADA Universitetini qeyd etmək olar. Sadalanan ali məktəblər güclü maddi-texniki bazaya və yüksək səviyyəli müəllim heyətinə malikdir.

 

Statistikaya əsasən, ötən 2021/2022-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 102 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. 2021/2022-ci tədris ilində bakalavriat, eləcə də baza ali tibb təhsili üzrə əcnəbi tələbələrin sayı 6500, magistratura səviyyəsi üzrə isə 300 nəfər təşkil edib. Hazırda, hazırlıq kursları istisna olmaqla, yerli ali təhsil müəssisələri tərəfindən digər təhsil səviyyələrinə əcnəbi vətəndaşların qəbulu davam etdirilir və qəbul üçün son tarix 30 sentyabr müəyyən edilib. Proses yekunlaşdıqdan sonra 2022/2023-cü tədris ili üçün yeni qəbul olan əcnəbi tələbələrin sayı haqqında statistika məlum olacaqdır.

 

Ölkəmizdə təhsil alan əcnəbi tələbələr arasında say çoxluğuna görə Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin vətəndaşları ilk 10-luqda yer alırlar. Azərbaycan ali məktəblərinə qəbul olan əcnəbi tələbələr ən çox tibb, texniki və texnoloji, səhiyyə, rifah və xidmət, iqtisadiyyat və idarəetmə, humanitar və sosial ixtisas qrupları üzrə təhsil alırlar.

 

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin ölkəmiz və onun təhsili haqqında fikirlərini öyrənmək məqsədilə bir neçə ali məktəbin əcnəbi tələbələri ilə görüşüb müsahibə aldıq. Aşağıda həmin əcnəbi gənclərin təəssüratlarını oxucularımıza təqdim edirik.

 

“Qrant qalibi olarkən Azərbaycanı sevdim”

 

 

Hamza Naser - Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin doktorantı (PhD), təhsil qrantı qalibi: “Mən Əlcəzairdən Azərbaycana İslam Əməkdaşıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ayırılmış təhsil qrantı qalibi olaraq gəlmişəm. Qrant qalibi olarkən İspaniya və Azərbaycan arasında seçim etməli olduğum halda Azərbaycanı seçdim. Bura gəlməmişdən öncə Azərbaycan təhsil sistemi, universitetləri haqqında maraqlandım, Facebook vasitəsilə burada təhsil alan ərəbdilli tanışlarımdan soruşub məlumat əldə etdim. Azərbaycan haqqında müsbət fikirlər topladıqdan sonra burada təhsil almağa qərar verdim. Vətənim Əlcəzairdə yerləşən Bomertes Universitetində də mənə Azərbaycan ali məktəblərinin neft sənayesi üzrə yaxşı təhsil verdiyini bildirdilər. Mən buradakı təhsil təcrübəmdən razıyam. İlk növbədə, buradakı müasir avadanlıqlar məni çox qane edir, çünki mənim elmi işim neftin istehsalında qalan suyun içindəki radiasiyanın yığılmasıdır. Mən bu sahədə təcrübələr aparıram və təcrübələrimi həyata keçirmək üçün Elmlər Akademiyasının laboratoriyasında lazım olan avadanlıqlardan istifadə edə bilirəm. Eyni zamanda, oxuduğum universitetdə mənə təhsil-tədris imkanı yaradılıb. Belə ki, sentyabrın 15-dən başlayaraq universitetdə mənə dərs demək fürsəti verilib. Bu da mənim məqsədlərimdən biri idi. Bakının gözəl binalarını, muzeylərini, infrastrukturunu, rahat, əlçatan nəqliyyat sistemini, insanların dostcanlı olmağını çox bəyənirəm”.

 

“Oxuduğum universitetdə təhsil məni qane edir”

 

 

Conatan Qrentli Edvards - Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarə edilməsi fakültəsinin 2-ci kurs tələbəsi, təhsil qrantı qalibi: “Mən Azərbaycana Antiqua və Barbuda dövlətindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış qrant qalibi olaraq gəlmişəm. Azərbaycanda təhsil alan həmyerlim xanım tələbə ilə Facebook vasitəsilə danışdım və Azərbaycan haqqında çox müsbət fikirlər eşitdim, beləcə burada təhsil almağa qərar verdim. Oxuduğum universitetdə verilən təhsil məni qane edir. Müəllimlərimiz çox interaktivdirlər, hər zaman bizə kömək etməyə hazırdırlar. Birinci kursda təhsil aldığım zaman qiymətləndirmə sistemində çətinliklərim oldu, bu da mənim ölkəmlə buradakı qiymətləndirmə sisteminin fərqli olmasından irəli gəlir. Mənim yaşadığım ölkə ilə müqayisədə Azərbaycan çox fərqli bir dövlətdir. Azərbaycanda insanlar dinini və millətini çox sevirlər, bir-birlərinə çox dəstəkçidirlər”.

 

 

 

“Azərbaycan və Türkiyə bayraqlarının yan-yana dalğalanması məni çox qürurlandırır”

 

 

Dəniz Ece - Azərbaycan Dillər Universitetinin filologiya (Azərbaycan ədəbiyyatı) üzrə magistrantı: “Mən qardaş Türkiyə Respublikasının Ankara şəhərindən gəlmişəm. Türkiyənin Hacettepe Universitetində türkologiya ixtisası üzrə bakalavr təhsili almışam, həmin ixtisas üzrə Türkiyədə magistraturada oxuyuram. Eyni zamanda Erasmus proqramı çərçivəsində Azərbaycana gəldim və hazırda birinci semestrdir ki, Azərbaycan filologiyasını öyrənirəm, “Türk və Azərbaycan romanlarında postmodernizm” mövzusunda dissertasiya yazıram, romanları müqayisə edirəm. Bakıya ilk dəfədir gəlirəm, artıq üçüncü həftədir buradayam. Azərbaycanda mən özümü başqa ölkədəki kimi hiss etmirəm, bura mənim üçün çox doğmadır. Bakı çox gözəl şəhərdir. Azərbaycan və Türkiyə bayraqlarının yan-yana dalğalanmasını görmək məni çox qürurlandırır. Mən istəyirəm ki, ölkələrimiz arasında əlaqələr daha da güclənsin, aramızda daha böyük körpülər olsun. Dövlətlərimizi inkişaf etdirmək, daha da gücləndirmək biz gənclərdən asılıdır. Mənim məqsədim gələcəkdə bütün Türk dünyası üçün çalışmaq, Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda və digər türk dövlətlərində işimi inkişaf etdirməkdir”.

 

 

“Azərbaycanda olmağımdan məmnunam”

 

 

Sameera Sardar - Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan dili kursunun tələbəsi: “Mən Pakistan vətəndaşıyam və orada ingilis dili müəllimi kimi çalışmışam. Mənim bir çox tanışlarım turist olaraq Azərbaycanda olublar və heyranlıqla mənə mütləq bu ölkəni görməyi məsləhət biliblər. Azərbaycana gəldikdən sonra burada da həmin fəaliyyətimi davam etdirmək istədim və bu məqsədlə Azərbaycan dilini öyrənmək qərarı verdim. Təhsil aldığım ali məktəbin əcnəbi tələbələr üçün nəzərdə tutulmuş Azərbaycan dili kurslarına qəbul oldum. 7 aydır ki, Azərbaycandayam və burada olmağımdan məmnunam. Müəllimlərimin yanaşması məni çox qane edir, onlar daim əməkdaşlığa açıqdırlar, təhsil mühiti çox yaxşı təşkil olunub. Bakı yaşamaq üçün təhlükəsiz şəhərdir, insanları mehriban və ünsiyyətcildirlər. Mən Bakıdan əlavə Qəbələdə və Azərbaycanın digər regionlarında olmuşam. Olduğum yerlərin yaşıllığı, təmizliyi məni çox cəlb edib. Azərbaycanda mənim ən çox rəğbətimi qazanan məqamlardan biri də qadınların burada daha böyük hörmət sahibi olmasıdır. Mən Azərbaycanda qalıb yaşamaq istəyirəm. Gələcək təhsilimi memarlıq və inşaat sahəsi üzrə davam etdirmək arzusundayam”.

 

 

“Bakının memarlıq üslubunu çox bəyəndim”

 

 

Rokaya al-Hosain - Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin ikinci kurs tələbəsi: “Biz 2017-ci ildə ailəmlə bir yerdə İraqdan Azərbaycana köçkün qismində gəlmişik. Mənim böyük bacım da Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib, mən də hazırda həmin universitetin ikinci kursunda oxuyuram. Buradakı təhsil məni qane edir, müəllimlər tələbələrə qarşı diqqətli və hər zaman açıqdırlar. Memarlıq üzrə təhsil aldığım üçün bildirmək istərdim ki, mən Bakı şəhərinin memarlıq üslubunu çox bəyənirəm. Burada həm klassik, həm müasir üslubda olan tikililər mövcuddur. Mən də Bakı şəhərinin təhlükəsiz, insanlarının isə dostcanlı və həmişə kömək etməyə hazır olduqlarını xüsusi qeyd etmək istəyirəm”.

 

 

 

 

“UNEC tələbəsi olduğum üçün çox qürurluyam”

 

 

Luna-Eylin (Aylin) Miller Neyheed - Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarə edilməsi fakültəsinin 2-ci kurs tələbəsi: “Mən Dubayda anadan olmuşam, lakin ABŞ-da böyümüşəm. Atam ispan əsilli amerikalı, anam isə azərbaycanlıdır. 2019-cu ildə mən ailəmlə Azərbaycana köçmüşəm. Ali məktəbə qəbul olarkən mənim bir neçə nüfuzlu Azərbaycan universitetləri arasında seçimlərim var idi. Lakin babam, dayım, bir çox qohum və tanışlarım Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikləri üçün mənə bu ali təhsil ocağını tövsiyə etdilər. Mən də hazırda UNEC tələbəsi olduğum üçün çox qürurluyam. Universitetimizin Beynəlxalq şöbəsi hər zaman əcnəbi tələbələrə kömək etməyə hazır və açıqdır.  Mən təhsil aldığım universitetdə əcnəbi tələbələrin mentor və vəkili kimi çıxış edirəm, eyni zamanda Mədəniyyətlərarası klubun sədriyəm. Azərbaycanda qadınlara olan hörmət mənim çox xoşuma gəlir. Bakı yaşıl və təhlükəsiz şəhərdir. Mən Azərbaycanın regionlarında da olmuşam. Demək istərdim ki, Azərbaycan yaşıllıqlarla zəngin, çox gözəl təbiətə malik bir ölkədir”.

 

 

 

“Azərbaycan mətbəxini sevirəm”

 

Luo Gengksin Qiuvanq - Bakı Slavyan Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin 2-ci kurs tələbəsi: “Mən Çin Xalq Respublikasında mühəndislik ixtisası üzrə təhsil almışam. Mənim xarici ölkələrin birində təcrübə keçmək arzum var idi. Azərbaycanda təhsil almış bir amerikalı dostum bu ölkədə oxumağı mənə tövsiyə etdi. 2019-cu ildə mən dil üzrə hazırlıq kursunda təhsil almaq üçün Azərbaycana gəldim. Hazırda Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıram. Azərbaycan və Çin təhsili arasında mən fərqli cəhətlərdən onu qeyd etmək istərdim ki, burada tələbələrə daha çox ev tapşırıqları, müstəqil işləmək üçün tapşırıqlar verilir və tələbələr materialı özləri araşdırıb öyrənirlər. Çində isə müəllimlər mövzunu başa salır və tələbələrə test tapşırıqları verirlər. Vaxtımın çox hissəsini öyrənməyə və tərcümə etməyə sərf edirəm, çünki qiymətləndirmədə bal toplamaq üçün yaxşı hazırlaşmaq lazımdır. Mən Azərbaycanı, Bakı şəhərini, buranın insanlarını çox bəyənirəm və gələcəkdə burada qalıb yaşamaq istəyirəm. Bildirmək istərdim ki, mən Azərbaycan mətbəxini sevirəm, özüm də yaxşı yeməklər hazırlamağı bacarıram, dostlarımdan Azərbaycan yeməklərinin hazırlanmasını öyrənirəm”.

 

Azərbaycan müəllimi