Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 15:25:00
Psixoloq: “Psixoloji təzyiq abituriyentdə psixosomatik xəstəliklərin yaranmasına səbəb olur”

“İmtahandan həm əvvəl, həm də imtahandan sonra valideynlərin övladlarına göstərdiyi dəstək mühüm əhəmiyyət kəsb edir. Ona görə də xüsusilə övladı imtahanda lazımi nəticə əldə etməmiş valideynlər bu məsələlərə daha çox diqqət yetirməlidirlər. Valideynlər bu dövrdə övladlarını dəstəkləməli, onlara psixoloji baxımdan kömək olmalıdırlar”.

Bunu AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib.

Mütəxəssis qeyd edib ki, biz bəzən praktikada bunun əksini müşahidə edirik: “Onsuz da imtandan istədiyi nəticəni əldə edə bilməyən abituriyentin psixoloji vəziyyəti yaxşı olmur. Valideynlər də belə olan halda övladlarına psixoloji təzyiq göstərdikdə abituriyentlərdə sinir sistemində pozuntuların, eləcə də psixosomatik xəstəliklərin yaranmasına səbəb olur. Bu isə onlarda depresiyanın yaranmasına, hətta bəzən intihar hallarına gətirib çıxardır. Bütün bunlardan yaxa qurtarmaq üçün çalışmaq lazımdır ki, ailədə abituriyent qınaq obyektinə çevrilməsin. Həmin şəxsi digərlərinin yanında təhqir etmək yolverilməzdir. Uğursuz nəticə göstərmiş abituriyent valideynlərinin ona münasibətinin dəyişmədiyini hiss etməlidir. Bu, onda özünəinam hissinin formalaşmasına və onun baş verə biləcək xoşagəlməz hadisələrdən uzaq olmasına şərait yaradar”.