https://modern.az/
2022-08-17 12:15:00
Misir Mərdanov: “Alimlərin həyatında elə də ciddi dəyişiklik baş verməyəcək”

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı yeniliklər olacaq, lakin tələsmək lazım deyil. Güman edirəm ki, alimlərin həyatında elə də ciddi dəyişiklik baş verməyəcək. Yəni burada alimlərə yönəlik mənfi təsirlərdən söhbət gedə bilməz. Yalnız müsbət dəyişikliklər müşahidə edilə bilər”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib.

M.Mərdənov qeyd edib ki, dəyişikliklərə əsasən, akademik statusunun ləğv edilmə ehtimalı yoxdur: “Hətta bundan sonra da akademik statusu verilə bilər, seçkilər keçirilər, akademiyanın müxbir və həqiqi üzvləri seçilər. Akademik statusunun ləğv edilməsi nəzərdə tutulmayıb. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev AMEA ilə bağlı sərəncam imzalayıb və işlərin həyata keçirilməsi müvafiq qurumlara tapşırılıb, 3 ay da vaxt verilib. Səbrlə gözləmək lazımdır, qərarların icra mexanizmi məlum olduqdan sonra dəqiq fikir söyləmək mümkündür”.