Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-03 13:27:00
BP VƏ AzEdu-dan möhtəşəm yenilik - Məktəblər üçün vacib vəsait-VİDEO

bp-nin maliyyə dəstəyi, AZEdu təhsil portalının təşkilatçılığı  ilə ərsəyə gələn “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimat mərasimi keçirilib.

 

“Abşeron Marriot”da keçirilən təqdimatda  millət vəkilləri, tanınmış təhsil xadimləri və psixoloqlar, Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri iştirak ediblər.

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AzEdu MMC-nin rəhbəri Elşad Eyvazlı, Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin komitə sədrinin müavini  Musa Qasımlı, BŞTİ müdiri Mehriban Vəliyeva, kitab müəlliflərindən Laləzər Cəfərova və Elxan Bəylərov çıxış edərək  toplunun vacibliyini əks etdirən məqamları önə çəkiblər. 

 

 

Geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları və yanaşmalarının praktiki tətbiqini əhatə edən bir mənbə rolunu oynayan kitab iştirakçılar tərəfindən çox müsbət qarşılanıb.

 

Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış problem və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.

 

Kitaba daxil edilmiş geniş əhatəli mövzuların hər biri həmin sahənin mütəxəssisi olan yerli ekspert – ümumilikdə doqquz müəllif, tərəfindən toplanmış və hazırlanmışdır. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər.

  

Kitabda orta ümumtəhsil müəssislərində psixoloji xidmət işini həyata keçirən şəxslər – məktəb psixoloqları üçün zəruri sayılan nəzəri-metodiki bilgilər, hüquqi baza sistemi şəklində əks olunmuş  praktiki tədqiqat metodları, vacib təcrübi modellər təqdim edilib.

 

Məktəb psixoloqu üçün stolüstü kitab rolunu oynayacaq bu zəruri vəsait onların peşə fəaliyyətləri zamanı nəzəri, təcrübi hüquqi bələdçisi missiyasını yerinə yetirəcəkdir.

 

Kitab məktəb psixoloqları , bu ixtisas üzrə təhsil alan tələbələrlə yanaşı, hər bir valideyn və müəllim üçün də yararlı nəzəri bilgilər və praktiki tətbiq metodları ilə zəngindir.

 

Layihə yerli təşkilat AZEDU MMC tərəfindən həyata keçirilib.