http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-23 10:45:00
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində müxtəlif müsabiqələr təşkil edilib

2021-2022-ci tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün bir sıra nailiyyətlər və yeniliklərlə yaddaqalan oldu.

 

BŞTİ-dən AzEdu.az-a  bildirilib ki, cari tədris ilində təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafı, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbir və müsabiqələr keçirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən təqdim olunan 65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika müsabiqəsində iştiraka layiq görülüb. Müsabiqədə maraqlı və innovativ layihələrlə qatılan məktəblərdən 1 məktəb birinci, 4-ü ikinci, 5-i isə üçüncü yerlərə, biri isə sertifikata layiq görülüb. Müsabiqədə I yerin sahibi olan Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Nilgün Məmmədli ABŞ-da keçirilən Intel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib Intel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsidir.

 

BŞTİ tərəfindən “Yaradıcı müəllim” təqdimat müsabiqəsində 59 müəllim fərqlənib. Onlardan 9 nəfər I, II, III yerlərə layiq görülüb, 5 nəfər tərifnamə, 45 nəfər isə təşəkkürnamə ilə mükafatlandırılıb. Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.

 

Paytaxt məktəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, 9 şagird müxtəlif nominasiyalar üzrə I, II, III yerlərə layiq görülüb, 5 şagird həvəsləndirici yeri tutub. 12-si tərifnamə, 23-ü isə təşəkkürnamə ilə təltif edilib.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərindən 3 nəfər birinci, 2 nəfər ikinci, 2 nəfər üçüncü dərəcəli diplomla, 3 nəfər isə tərifnamə ilə təltif olunub.

 

Məktəblilər arasında keçirilən “Düşünən oxucu” müsabiqəsinin şəhər mərhələsində isə BŞTİ-nin tabeliyindəki məktəblərin V-IX sinifləri üzrə 362 şagird iştirak edib. On iki şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Onlardan 3-ü diplomla təltif edilib.

2021-2022-ci tədris ilində, həmçinin BŞTİ tərəfindən “Mənim gündəliyim” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsinin məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir. Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.