Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-18 17:29:00
"Əcnəbi tələbələri sadəcə kapital kimi görmək doğru deyil"- Mütəxəssis



"Təhsil almaq üçün ölkəmizi seçmək istəyən tələbələr əsasən,tədris dili yataqxana şəraiti və təqaüd imkanları ilə bağlı suallar ünvanlayırlar".

AzEdu.az xəbər verir ki, bu fikirləri xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Mütəxəssis prosesdə xaricdə təhsil şirkətlərinin rolunun vacibliyindən danışıb, əcnəbi tələbələrin cəlb edilməsi üçün lazımı şəraitin yaradılmalı olduğunu vurğulayıb:


"Lazımı göstəriciyə sahib olan bir tələbənin tam təqaüdlə başqa ölkədə təhsil almaqdan imtina edib Azərbaycana gəlməsinin bir səbəbi olmalıdır. Məlumdur ki,ölkəmizdə yaşayış ucuz deyil,təhsil haqqı da ödəməlidir. Digər universitetlərlə bizdə çalışan mütəxəssislər arasında da elə bir fərq yoxdursa,tələbə təbii olaraq tam təqaüd qazandığı xarici universiteti seçəcək. Əcnəbi tələbələrin cəlb edilməsi üçün universitetlərimizin xaricdə təhsil şirkətlərilə əməkdaşlığa açıq olması da vacibdir. Məsələn,bir  şirkət tələbələri əməkdaşlıq etdiyi universitetə cəlb etmək üçün yüksək məbləğdə xərc çəkdiyi təqdirdə, universitetdən lazımı məbləği ala bilmirsə,o zaman təbii ki,buna maraq göstərməyəcək. Əcnəbi tələbələri sadəcə  kapital kimi görmək doğru deyil. Həmin tələbə ölkəmizdə gəldikdən sonra onsuz da müəyyən xərclər çəkməli olacaq. Əsas olan bunun üçün lazımı tələbləri yerinə yetirməkdir".

O,əcnəbi tələbələr üçün yaradıla biləcək imkanlardan söz açaraq,əsas məsələnin bu olduğunu vurğulayıb:


"Yataqxana problemi də vacib həll edilməli məsələlərdəndir. Həmçinin illik təhsil haqqına müəyyən güzəştlər də nəzərdə tutula bilər. Biz beynəlxalq sərgilərdə təmsil olunmaq, universitetlərimizi tanıtmaq istəyiriksə, elə şərait yaratmalıyıq ki, bura maraq cəlb edə bilək. Söhbət sadəcə maddi maraqdan deyil,tələbənin rahatlığından da gedir. Hər hansı xarici ölkədən tələbəni ölkəyə gətirmək problem deyil,əsas məsələ o tələbəyə hansı imkanların yaradılmasıdır".