Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 09:42:00
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün qeydiyyat aparılır  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı iyunun 19-da keçiriləcək.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, iyunun 13-ü saat 09:10-a olan məlumata görə, imtahan vermək üçün 134 nəfər (AC - 4, BA - 32, BB - 98) qeydiyyatdan keçib. İmtahana qeydiyyat iyunun 15-i saat 18:00-dək davam edəcək.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıda qeyd olunan kateqoriyaya aid şəxslər iştirak edə bilər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan üçün test nümunələrinin hazırlanması, test imtahanının təşkili, qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilən “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydaya əsasən test imtahanı dövlət qulluğu vəzifələrinin qrupları üzrə keçirilir.

Həmin Qanunun 28-1.1 və 28.2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq test imtahanları ödənişli əsaslarla həyata keçirilir. İmtahanlarda iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilib.

Müvafiq test imtahanında iştirak edən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli Qərarı ilə müəyyən edilən keçid balını toplayan şəxsə Mərkəz tərəfindən dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat) verilir. Sertifikatda dövlət qulluqçusuna dövlət qulluğunda fəaliyyəti davam etdirmək hüququ verilən vəzifələr müəyyən edilir. Sertifikat beş il qüvvədə olur.

Test imtahanının məzmunu ilə əlaqədar DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti (telefon (012) 310 53 16 (daxili 1765;1767); e-mail: [email protected][email protected]), qeydiyyatla bağlı yaranan texniki problemlər üzrə DİM-in Elektron imtahanlar və müsahibələrin təşkili departamenti (telefon (012) 431 63 86 (daxili 111,117); e-mail: [email protected]) əlaqə saxlamaq mümkündür.