https://modern.az/ http://www.position.az/
2022-06-09 11:02:00
Bakıda 1153 abituriyent üçün imtahan keçiriləcək  

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-də hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, imtahan Bakı şəhərində 5 binada aparılacaq.  

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən cari və əvvəlki illərin abituriyentləri isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

 

  • dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
  • dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; 
  • oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

 

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

 

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.