Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 16:18:00
Green Start Academy – Tam fərqli mərkəz 3 yaşında

 

 

Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir.

 

Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi kimi vacib işlər...

 

  Green Start Academy xətti ilə görülən işlər, əldə olunan nəticələr diqqətəlayiqdir.

 

Təşkilatın əsas qayəsi milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin bir öhdəlikdir ki, bu iş  valideynlərin və müəllimlərin üzərinə daha çox düşür. Təşkilat tərəfindən müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil etməklə onları nəzəri cəhətdən silahlandırmaq daim diqqətdə saxlanılır, müəllimlərə bu işə yaradıcı yanaşmaqla nəzəri biliklərini səriştəyə çevirmələrində yardım göstərilir. “Biz birlikdə güclüyük” şüarıyla qabaqcıl müəllimlərin təcrübələrini digər müəllimlərlə paylaşmasına dəstək olmaqla, onlara bir növ meydan açılır.

 

 Green Start Academy-nin təsis olunmasının 3 ili tamam oldu. Peşəkar təhsil mütəxəssisləri ilə əməkdaşlıq edərək, gündən-günə auditoriyasını böyüdən Green Start Academy-nin yaşı az olsa da, hədəfləri böyük, arzuları  tükənməzdir.

 

Təşkilatın fəaliyyət istiqamətlərinə daxildir:

  • Müəllimlər və tələbələr arasında təhsil, tərbiyə və psixoloji mövzularda maarifləndirici seminar və təlimlərin təşkil edilməsi;
  • Məktəblərdə və universitetlərdə müəllim və təhsil ekspertləri ilə birgə qarşılıqlı müzakirə formasında söhbətlərin aparılması;
  • Uşaq və valideynlərin birgə və səmərəli istirahətinin təşkili;
  • Uşaqların zehni, sosial, cinsi və duyğusal inkişafı ilə bağlı psixoloji söhbətlərin aparılması;
  • Respublikanın müxtəlif yerlərinə Akademik gəzintilərin təşkili;
  • Müəllim və şagirdlərin maddi mədəniyyət abidələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən yerlərə – şəhərdaxili və şəhərdənkənar muzeylərə, eyni zamanda tarixi yerlərə ekskursiyaların təşkil olunması;
  • Yaşlıların vaxtının səmərəli təşkili – Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması;
  • Kitab evlərində və kitab mərkəzlərində qiraət məşğələlərinin keçirilməsi;
  • Uşaqların tətil günləri və həftə sonlarında düşərgə-campların təşkil olunması;
  • Uşaqların dünyagörüşünün və peşə vərdişlərinin artırılması ilə bağlı masterclasların keçirilməsi;
  • Tarixi və əlamətdar günlərin qeyd olunması;
  • Uşaq, valideyn və müəllimlərin mədəni istirahətinin səmərəli keçirilməsi məqsədilə kino və teatr günlərinin təşkil olunması;
  • “Savadlı ana sağlam cəmiyyətin göstəricisidir” şüarı altında qadınların sosial həyatda fəallığının artırılması.

Təşkilatın həmtəsisçisi və rəhbəri Aysel Rəsulzadə: Bu gün ölkəmizdə təhsilin inkişafı müəyyən səviyyədə olsa da, dünyanın təhsildə öndə gedən ölkələrində bu sahədə daha sürətli inkişafın şahidi oluruq. Bu baxımdan dünya ölkələrinin təcrübələrini gətirib ölkəmizdə yaymaq, eyni zamanda da beynəlxalq konfrans və seminarların keçirilməsi ilə müəllimlərin öz təhsil səviyyəsini artırmaqda onlara yardım göstəririk.. 3 il çox qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır. Bütünlüklə hədəf valideyn və müəllimlərə tuşlanmışdır. Niyə məhz müəllim və valideynlər? Çünki bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin əsas tərbiyəedici qüvvəsi evdə valideynlər, təhsil ocağında isə müəllimlərdir... Unutmayaq ki, övladlarımızın, şagirdlərimizin bizdən istəyəcəyi ən böyük şey nə bahalı geyim, nə qeyri-adi məkanda oturub yemək yemək, nə başqa bir ehtiyaclardır, sadəcə olaraq sevgi və öz duyğularını bizlərlə paylaşmaqdır.. Bəli, yeganə əsas səbəb öz övladımıza və şagirdimizə bəslədiyimiz sevgidir. Ümumiyyətlə, sevgi möcüzələr yaradan, yeni insanlar, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük və ali bir hissdir. Cəmiyyətimizi – bu günümüzü və sabahımızı xoşbəxt görmək istiyiriksə, hər birimiz var gücümüzlə çalışmalı, sevgimizi övladlarımıza, eyni zamanda da şagirdlərimizə doyunca ötürməliyik. Bu işdə Green Start Academy olaraq  hər zaman sizin yanınızdayıq”.

 Green Start Academy-nin həmtəsisçisi, eyni zamanda Xarici əlaqələr bölməsinin rəhbəri Seymur Ağayev:Valideynlərin öz övladları, müəllimlərin isə şagirdləri ilə asudə vaxt keçirmələri üçün yaz və yay ayları boyunca bölgələrimizi gəzərək Akademik gəzintilər təşkil edirik. Bu gəzintilər zamanı əsas məqsədimiz müəllim-şagird-valideyn əlaqələrinin möhkəmləndirmək, həmçinin müəllim-şagird, valideyn-övlad həmrəliyinin qorumaq, birgə və səmərəli istirahətini təmin etmək habelə tarixi günlərdə və tətil günlərində maarifləndirici görüşləri təşkil etməklə şagirdlərin dünyagörüşünün artırılmasına xidmət etməkdir. Həmçinin açıq səma altında keçirilən təlim, deyilən fikirlər insan hafizəsinə daha tez və daha faydalı ötürülür. Bu gəzintilər zamanı uşaqlar o qədər xoşbəxt görünürlər ki… Hər səfərin dönüşündə onların təəssüratlarını soruşduqda, onların sevinclərinin həddi-hüdudu olmur, o qədər deyəcəkləri olur ki... Bundan əlavə, Akademik gəzintilərdə hər daşında tarix yatan tarixi və mədəni abidələrimizi də  ziyarət edir, birlikdə gəzib, birlikdə öyrənirik. Eyni zamanda Xarici əlaqələr bölməsi olaraq işimiz dünyanın ən önəmli təhsil sərgiləri, beynəlxalq təhsil layihələri haqda təhsil ictimaiyyətini məlumatlandırmaq, həmçinin onların iştirakını bu cür beynəlxalq konfrans və seminarlarda təmin etməklə, təhsil səviyyəmizi yüksəltməyə nail olmaqdır. Fəaliyyətə başladığımız gündən etibarən dünyanın tanınmış təşkilatları və ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində bir sıra konfranslara imza atmış, yüzlərlə insanın birlikdə elm və təhsil sahəsində bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmışıq”.

 

Təşkilat tərəfindən maraqlı layihələrə imza atılır, nəticələr isə ürəkaçandır.

Green Start Academy Valideyn Məktəbi adı altında müxtəlif layihələr həyata keçirir, övladlarımızın xoşbəxt və sağlam olması naminə pedaqoq, psixoloq, müəllim və həkimlərimizlə əl-ələ verərək, valideynlərə düzgün övlad tərbiyə verməkdə var-gücləri ilə yardımçı olmağa çalışırlar.

Valideyn Məktəbinin təsisçisi, “Sevgi pedaqogikası” layihəsinin rəhbəri Aysel Rəsulzadə: “Valideyn Məktəbini yaratmaqda məqsədimiz məhz övladı ilə düzgün münasibət qura bilən valideyn modeli yetişdirmək, bu sahədə ortaya çıxan problemlərin həllində valideynlərə yardımçı olmaqdır. Ümumiyyətlə, valideynlik sənəti dünyada bütün sənətlərdən, peşələrdən ən vacibidir. Valideynlər - atalar və analar da bu sənəti icra edən sənətkarlardır. Bu işdə onların əsas məqsədi övlad yetişdirmək, onları gələcəyə hazırlamaqdır. Valideynlərin həyatda ən birinci vəzifəsi budur. Təəssüf ki, bu gün biz bəzən valideyn olandan sonra bunun nə qədər məsuliyyətli və çətin bir sənət olduğunu başa düşürük. Ona görə də, ailədə övladımızla bir çox problemlər ortaya çıxır. Bütün bu problemlər də cəmiyyətə, ətraf mühitə öz təsirini göstərir və çox böyük problemlərin yaranmasına gətirib çıxarır. Hər bir məsələnin, cəmiyyətin problemlərinin kökündə həm də ailədə övladın düzgün tərbiyə edilməməsi məsələsi dayanır. Bu baxımdan, valideynlər həm davranışlarında, həm danışıqlarında, ən xırda detalda belə, diqqətli olmalıdırlar. Valideyn Məktəbi olaraq bizim də işimiz bu istiqamətdə valideynlərə yaxından kömək etməkdir”.

“Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva: “2 ildən çoxdur ki, uşaq, yeniyetmə və gənclərin vətənpərlik ruhunda böyüməsi, Vətənimiz Azərbaycan üçün layiqli vətəndaş olmaları, ən əsası övladlarımıza təhsil verməzdən öncə vətən və insanlıq sevgisi kimi öyrətməli olduğumuz vacib dəyərlərin olduğunu aşılamaqdayıq. Bu görüşlərdə pedaqoji heyətin, təhsil işçilərinin çoxluğunu nəzərə alaraq maarifləndirmə məsələsini önə çəkərək vətənpərvərlik və insanlıq sevgisi istiqamətində mühüm seminar və vebinarlar təşkil etməkdəyik. Layihə çərçivəsində tarixi günləri qeyd edir, yaddaşımızın silinməz günlərini təhsil ictimaiyyəti ilə birlikdə anır, şagirdlərimizi tariximizin qürurlu günlərini yaşatmaları üçün əlimizdən gələni əsirgəmirik”.

“İlkin tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri, həkim-pediatr Aygün Cəfərli: “Layihəmiz çərçivəsində həkim həmkarlarımızla birlikdə müəllim və valideynlərə ilkin tibbi bilikləri aşılamaqla övladlarının sağlamlıqlarının qeydinə qalmasında yaxından kömək etməyə çalışırıq. Çünki yaşamımız boyunca insana lazım olan ən vacib nemət məhz can sağlığıdır. Sağlamlığımızı isə lap körpəlikdən düşünməli, hər zaman tibbi baxımdan məlumatlı olmalıyıq. Valideynlərin bu istiqamətdə maariflənməsində isə həm təhsil, həm də tibb işçilərinin rolu danılmazdır. Biz də Green Start Academy ailəsi olaraq “Sağlam gələcəyə gedən yol valideyn-müəllim-həkim birliyindən keçir” şüarı ilə əl-ələ verərək bu istiqamətdə faydalı olmaq üçün əlimizdən gələni etməkdəyik. Eyni zamanda hər həftənin cümə günü layihəmiz çərçivəsində youtube kanalımız üzərindən tibbi mövzularda həkimlərimizlə fikir və tövsiyələrimizi də paylaşmaqdayıq”.

“Mütaliə Günü” layihəsinin rəhbəri Günel Kamal: “Məqsədimiz uşaqların savadlı və dünyagörüşlü olması istiqamətində yardımçı olmaq, onları ziyalılarla görüşdürərək, rahat və əyləncəli yollarla mütaliəni sevdirməkdir. Pandemiya dövründə belə onlayn olaraq respublikamızın bütün bölgələrindən qoşulan yüzlərlə şagirdi sevimli yazıçılarımız – Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Gülzar İbrahimova və digərləri ilə görüşdürmüş, maraqlı müzakirələr aparmışıq. Həmçinin nəşriyyat evləri ilə görüşlər təşkil edərək yeni çıxan ədəbiyyatlarla auditoriyamızı bilgiləndirmişik”.

“Green Start-ın mətbəxi” layihəsinin rəhbəri, qənnadıçı Nərgiz Pəhlivanlı: Layihəmiz çərçivəsində uşaqların kiçik yaşlarından mətbəx bacarıqlarını inkişaf etdirməklə bərabər, həm də valideynləri ilə birlikdə əyləncəli zaman keçirmələrinə töhfəmizi verməyə çalışırıq. Bir sözlə, birlikdə həm öyrənir, həm də əylənirik”.

Bütün bu layihələr respublika pedaqoji ictimaiyyəti tərəfindən maraqla qarşılanır və peşəkar insanların zəhməti ilə icra olunaraq geniş auditoriyaya təqdim olunur.

Green Start Academy-nin psixoloqu Gülşən Nəhmətova: “Cəmiyyəti narahat edən ümumilikdə deyərdim bütün problemlər GRİN-çilərin operativ, çalışqan və məsuliyyətli əməkdaşlarının fəaliyyəti nəticəsində işıqlandırılır. Xüsusilə, bütün bəşəriyyətin bulaşmış olduğu “Covid 19” adlı bəlanın tüğyan etdiyi dövrdə, insanların gözlənilmədən evə qapandıqları , müdhiş həyat şərtləri ilə qarşılaşdıqları bir zamanda GSA-nın fəaliyyəti danılmaz olmuşdur.

Biz birlikdə, həkim, pedaqoq, psixoloq olaraq deyərdim ki, cəmiyyətin hər bir üzvü qeyd olunan lahiyələrə qoşulduq. Əsasən valdeynlərə hər mövzuda əsl mütəxəssis yardımı göstərib, onlarla birlikdə olmağı bacardıq. “Evə qapanma”larda yaranan psixoloji gərginliklərin aradan qaldırılması, ailədaxili münasibətlərin tənzimlənməsi, çətin pandemiya dövründə sağlam qidalanma, evdə sağlam psixoloji mühitin yaradılması və tənzimlənməsi, şəxsi gigiyena və digər məsələlərdə düşünürəm ki, öz faydalı  işimizlə  insanların yardımına yetişə bildik. Bu mənada valideyn-övlad münasibətləri, uşaqların “evə qapanma”dan sonrakı  periodda cəmiyyətə yenidən adaptasiya olması və ya digər bəlalardan qorunmaqdan ötrü  bundan sonra necə davranmalı olduqları haqqında profisional formada lazımi psixoloji biliklərin verilməsi və faydalı məsləhətlərin ötürülməsi bizim əsas iş prinsipimizdir.

Yaşımızın  az olmasına baxmayaraq ətrafımıza geniş auditoriya toplamağı bacarmışıq, təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da bizim izləyicilərimiz olmasını qürurla qeyd etmək istəyirəm. Rusiya Federasiyasının müxtəlif regionlarından, Almaniya, Türkiyə kimi ölkələrdən belə, izləyicilərimiz vardır. Bizə bildirilən fikirlərdən aydın olur ki, növbəti maraqlı lahiyələrimizi səbirsizliklə gözləyirlər. Bütün komandamıza böyük və yaddaqalan işlərin uğurla həyata keçməsini arzulayıram. Ümidvaram ki, tezliklə biz  GRİN-çillərin həyata keçirəcəyimiz yeni möhtəşəm lahiyələrimizin  sədası  daha uzaqlara çatacaqdır”.

 

Uşaq və Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması həmişə diqqətdə saxlanılır.

Green Start Academy xeyriyyəçilik istiqamətində də öz aktivliyini daima saxlamaqdadır. Belə ki, GSA-nın könüllü komandası bayram günlərində öz sevinclərini paylamşaq üçün “Paylaşmaq gözəldir” şüari ilə sığınacaqlara, uşaq və qocalar evinə üz tutur. Buna nümunə olaraq bu günlərdə - Ramazan bayramı ərəfəsində Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində təşkil olunmuş görüşü xatırlamaq olar. Təşkilatın əməkdaşı Naibə Xankişiyeva: Bilgəhdəki Qocalar evinə bayram ərəfəsində planlaşdırdığımız tədbirlə əlaqədar olaraq baş çəkdik. Buradakı yüksək ruh, təmiz ortam, nurani üzlər qəlbimizi çox açdı. Əlbəttə, istərdik ki, oradakı yaşlı insanlar hamısı öz isti ocağında, əzizlərinin ətrafında olsun, amma dünyanın yaxşı üzü olduğu kimi, görünməyən üzü də var. Həyat təkcə müsbətlərdən ibarət deyil, mənfilər də yaşanır bu dünyada... Arzularımız sonsuz oldu o insanlara, əsas özlərinə yaxşı baxmalarını və ətrafdakı xoş olmayan hər şeyə diqqət etmələrini bildirdik: Hər şey könlünüzcə olsun, gözəl insanlar!”

Bununla bağlı qərara gəldik ki, sizlərə müraciət də ünvanlayaq: “Müqəddəs varlıqlardır Allahın izni ilə bizə həyat verən valideynlər. Başa düşüləndir ki, yaşlı insanlar uşaq təbiətli olurlar. Onları başa düşək, unutmayaq ki, biz də yaşlanacağıq.  O məşhur misrada deyildiyi kimi, sağlığında qiymət verək insanlara... Sənə həyat verənin sənin sevginə, qayğına ehtiyacı var! Unutma: Əkdiyini biçəcəksən. Etdiyin yaxşılıq və xeyirxahlığı özün üçün edirsən”.

Təhsil zəifliyi gücə çevirmək üçün açardır. O, qarşımızda duran problemləri anlamaq üçün müxtəlif vasitələr və yollar təklif edir və onları həll etməyə kömək edir.

Green Start Academy komandası cəmiyyətə güclü olmağı, elmə, biliyə, can atmağı təbliğ edir. Məqsəd elmi, təhsili, kitabı, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etməkdir. Təşkilat müəllim və şagirdlərlə bərabər, həm də valideynlərlə işbirliyi quraraq, cəmiyyəti inandırır ki, üçtərəfli ünsiyyət təhsilin qalib gəlməsinə səbəb olur.

Green Start Academy kollektivinə təhsil yolunda daha cəsarətli addımlar atmağı və hədəflərinə çatmağı arzulayırıq.

 

                                         Zülfiyyə Vəliyeva,

ADPU-ETM-nin Elmi işçisi,

Əməkdar müəllim